Avanqard

Əli Şirin Şükürlü - İsti öpüşlərin yeri soyumağa başlayır

07/07/2015

Onun adı Şərəf idi

Şeir-pritça


dilimin ucunda söylənməyən söz,
sinəmdə nəğmələr yatar.
təsəllim sənsizlik bəzən,
sənsizlik səni anladar.

masanın üstündə
kitablar,  kağızlar,  qələmlər ... məyus;
sənsizlikdən danışır.
təsəllim sənsizlik - səndən danışır...

yol qırağında Daşın üstündə
oturub Qoca – bir az dalğın.
uzaqdan oynaya-oynaya
bir oğlan yaxınlaşır.

- adın nədi, bala?
- adim Azərdi, dədə.
- adam öz-özünə oynamaz, oğul!
- öz-özümə oynamıram ki,
içimdəki havaya oynayıram, dədə.

uzaqlaşır  Azər.
gözdən itənə qədər
seyr edir onu Qoca.

içindəki havaya yüyürür Azər ...

ulduzlar sayrışır. hava tutulur.
keçdiyim küçələr – yollar,
yol qırağındakı ... binalar qəmgin
yağışdan çıxıb sənsizliyi ağlayır,
təsəllim sənsizlik – səni xatırladır ...

qapı ağzında
qarşılayır Azəri Baycan.
sarılırlar bir-birinə.

Baycan Azərin sevgilisi,
gözəl bir qızdı.
biçimli bədəni var.

uzanıb Baycanın yanında Azər.
isti öpüşləri
yandırır qızın sinəsini.

- Azər, görəsən, qadınlar
sevmədən necə
kiminsə ola bilirlər? –
ehtirasdan titrəyən səsiylə
soruşur Baycan
- demək,
sən məni çox sevirsən –
daha möhkəm qucaqlayıb
özünə sıxır Baycanı Azər.

özü də bilmədən nədən
 yenidən dillənir Baycan:
- deyirlər: düşmənlər
əsir qadınlarla
istədiyi kimi davranırlar.

qızı qucaqlayan qolları
boşalır Azərin.
isti öpüşlərin yeri soyumağa başlayır.
Baycan heyrətlə baxır Azərə -
sanki buz heykəldi
dayanıb qarşısında.

- bilirsən, Baycan,
mən bir qızı sevirdim uşaq vaxtından,
əsir apardılar gözüm görəsi,
onun adı Şərəf idi. Ş-ə-r-ə-f...
boğulur Azərin səsi

qız ehtiraslı sevgidən sonra
dərhal anlaya bilmir
nə baş verdiyini.
örtülən qapının səsindən
diksinib ayılır Baycan.
çilik-çilik dağılır otağa
Baycanın xəyalındakı Azərin buz heykəli.


Azər Baycandan qaçır ...

səhərlər geyinib çıxıram evdən.
dönürəm axşamlar, gecə yarısı.
geydiyim paltarlar,
keçdiyim yollar,
gördüyüm adamlar,
sevdiyim axşamlar ... sənsizliyi anladır.
təsəllim sənsizlik – səni anladır ...

- niyə bikefsən, oğul,
nəsə itirənə oxşayırsan? –
soruşur yol qırağında
daşın üstündə oturan qoca.
- hə, itirmişəm, dədə -
dillənir başını qaldırmadan Azər.
- üzülmə, oğul,
insan bu dünyaya
itirmək üçün gəlir onsuz da.

uzaqlaşdıqca Qocadan Azər
sanki daha aydın eşidir:
“ insan bu dünyaya itirmək üçün gəlir”.

“baxır nəyi itirirsən” –
qüssə ilə düşünür Azər.

gözdən itənə qədər
seyr edir onu Qoca.

Azər içindəki havadan qaçır ...

illərdi
bir qara sevda səsləyir məni,
gedimmi görəsən?!

yəni belə olacaq –
illər ötüb keçəcək,
sən mənsiz yaşayacaqsan,
mən sənsiz öləcəyəm?!..

hava soyuqdu ...
yol qırağındakı Daş
tənhalıqdan üşüyür artıq ...


sayrışır göydə ulduzlar sayrışır,
qarışır yer üzü qarışır,
yarışır hər şey yarışır.
təsəllim Sənsizlik?!
Sənsizlik nədən danışır?!..



                                                    ... – 08.04.2008.

Digər Məqalələr