Əli Şirin Şükürlü - Dayandı – gedirdi
17/03/2014
gözləyirdi səbirsizliklə:
nə vaxt gələr, görəsən?
o isə
gəlirəm – dedi. elə bilirdi gəlir.
gedirdi amma.
keçirəm, gözlə - çığırırdı. yolu keçməyə
hazırlaşırdı. keçirdi. elə bilirdi yol keçir.
öz-özündən keçirdi – fərqində deyildi sadəcə.
çatıram da çatıram, görmürsən - əli ilə işarə eləyirdi
bir az əsəbi. hə, çatdım, bu da mən. dayanıb, nəfəs dərdi
yorğun, hüzünlü.
dayandı. gedirdi amma, xəbəri yoxdu, deyəsən.
elə bildi çatıb. çatdığı özü idi – bilmirdi hələ.
çaşqınlıq içində boylandı ətrafa:
hardayam. azalmaqdansa çoxalıb məsafə.
geriyə gəlmişəm ki.
nə baş verdiyini bilən bilirdi. mən də bilirəm:
çatmaq üçün gözləyənə yolun yarısını getməliydi əvvəlcə.
amma əvvəlcə yolun yarısının yarısını. ondan da əvvəl
yarısının yarısının yarısını…
beləcə, sayacaqdı yerində gedə-gedə. sayacaqdı yerində,
gedəcəkdi amma, elə hey gedəcəkdi.
gözləyən
düşünürdü gözləyə-gözləyə:
bu gəlişlə
“itiayaq Axilles də çata bilməz tısbağaya”.
… - 14.03.2014
Avanqard.net