Avanqard

Əli Şirin Şükürlü - Çıxma işarəsi

23/04/2014















çıxma işarəsi daha yaxşıdı. baxmayaraq,
daha çox toplamadan istifadə edər adamlar.

atılmış o qəşəng qadın hər gün xərcləsə də özünü,
çox sevir yeniyetmə qızını. ən böyük arzusu
şərəfli və bəxtəvər ana görməkdi gələcəkdə onu.
çıxmaq istəyər o qəşəng qadın həyatından
gözəl əndamını tez-tez xərclədiyi anları.
çıxsa yerdə nə qalar:
övladını xoşbəxt görmək istəyən şərəfli ana.
- qayıtmamaq müşkülmü, ana, ay ana?
- hayana? hə, anladım: o ana?..

keçmiş məhbus – soyğunçuluq üstə yatıb
bir neçə dəfə. kasıb yaşayır amma. heç özünü sındırmaz
kasıb yaşasa da. vaxtılə yarımçıq buraxıb universiteti.
intellektualdı; hətta dostoyeskini, nitşeni, freydi oxuyub məhbəsdə.
tez-tez yol çəkir gözləri. bəzən xəyalən çıxar ömründən
bir para şər əməlləri; azalır çıxılan. fərq  –
intellektual, yarımçıq universitet təhsilli qürurlu adam.
- adam, ay adam...
- son: onsuz da özünü edam.

istefada olan zabit iştirak edib cürbəcür savaşlarda.
çoxlu təltifləri var. hər gecə yuxuda susadığından qan içir
su əvəzinə. boğulur, oyanır yuxudan qan-tər içində.
çıxmaq istəyir bütün mübarizələri insan həyatından.
çıxa bilərsə, daima məğlubiyyətə məhkum insana qalan –
daimi zəfər.
- yolun harayadı, zəfər, ay səfər?
- yol elə özümə; daimi səfər.

bəzən,
bəlkə də tez-tez azca hissə qapılır  
əsərin qəhramanı bu adamlar. 
   
hesab müəllimi olsaydı
o qəşəng qadın,
o keçmiş qürurlu məhbus,
o istefada olan təltifli zabit  
çıxma əməlini yəqin həvəslə öyrədərdi uşaqlara.

                                                       ... – 22.04.2014

Avanqard.net

Digər Məqalələr