Avanqard

Əli Şirin Şükürlü - Bütün sevgilər düzdür, ayrılıqlar paralel...

25/02/2013









görüş ehtimalı


ideyası: “Ehtimal nəzəriyyəsi”nin “görüş məsələsi”
                                  və V.Şimborskanın “Vağzal” şeiri.

görüşəcəkdilər.
yeri də məlum idi, vaxtı da:
dənizə yaxın
metro stansiyasının qarşısında,
saat 5:00-dan 6:00-a kimi.

bir saat ərzində
hər an görüşə bilərdilər.
tərəfi vahidə bərabər
kvadrat üzrə paylanmişdi
görüş anları, -  

qəfəsə salınmış zaman kəsiyidi
“görüş vaxtı”, çərçivədə şəklidi
təyin olunmuş görüşlərin.

görüşəcəkdilər təyin olunmuş vaxtda.
yeri də məlum idi, vaxtı da.
görüş baş tutmadı.
ya biri gəlmədi, ya da hər ikisi.

bütün görüşlər ayrılıqdı həm də.

görüşmədilər təyin olunmuş vaxtda.
görüş məkanı böyüdü əslində,
zaman müstəvisi də; tərəflərini
iki şəxsin
ömür sərhədləri cızırdı indi.

ya görüş baş tutacaqdı
bu müstəvidə,
ya da...

neşə il sonra
təsadüfən üz-üzə gəldilər,
ani ayaq saxlayıb, uzaqlaşdılar:
əlvida!
bəlkə bir də görüşmədilər,
bəlkə də görüşdülər
təyin olunmuş vaxtdan kənarda.

əlvida! əl-vi-da! ə-l-v-i-d-a!
yaşanan hər an ayrılıqdı əslində.
                                                     ... – 18.01.2012



zenon məsələsi


böyük dairə
içində balaca bir dairə.

böyük dairə - mənim bildiklərim,
balaca dairə sizin.

sizin bilmədikləriniz
mənim bildiyim qədər,
mənim bilmədiklərim – hüdudsuzluq.

sizin bilmədikləriniz
mənim bilmədiklərimdən az;
mən heç nə bilmirəm.

belə söyləyərmiş Zenon
tələbələrinə.

gözlərim yol çəkir. otağam indi.
dayan, qapıdı döyülən:
- kimdi?
- mənəm.

açıram qapını – sonsuzluq.
- xoş gəlmisinz. keçin içəri... hamı keçdimi?

örtürəm qapını. örtürəm – otağam;
həm də otaqdayam. indicə peyda oldu,
ayrıldı məndən.
içində
kətil, masa, kağız , qələm, kompüter...
dairə içində dairə.

və yazıram:
mən sənin bildiyin qədərəm.
həm də
bilmədiyin qədərəm.
qədərəm, qədərəm, qədərəm –
qaçammaram, qaçammaram, qaçammaram.

                                                        ... – 05.02.2013



paralellik- ayrılıq


nizamsız səpələnər əşyalar.

bu nizamsızlıqda bir nizam var;
paralel, çarpaz, perpendikulyar. vəssalam.

paralel ayırarıq vərəqi masadan,
çarpaz oxuyarıq. düz qaytararıq masaya, -
son qoyular həsrətə. çox yaraşar bir-birinə
masa və üstündəki əşyalar.

düz bitər ağaclar – torpağa perpendikulyar,
başı səmada. ayrılmaz torpaqdan,
ölümü də torpaqda olar.
quş qonar ağaca –ayrılaryenə. ölümü səmada.

uçanlar çarpaz qalxar havaya,
paralel uçar. məsafə dolar araya.
paralel enər torpağa. ayrılar səmadan.

hər hərəkətin həndəsi təsviri var,
hər təsvirin mənası;
bir qədər yanlış olsa da.

zaman düz keçər yollardan, -
ayrılmaz. heç ayrılmaz yollardan.
düz keçər, geriyə baxmaz.
əyiləndə dəəyilər yollarla...

illərdi
seyr edər uzanan yolları,
seyr edər yorğun, sevdalı,
sevgidən danışmaq
ağlına gəlməz;

bütün sevgilər düzdür
onsuz da,
ayrılıqlar – paralel.

                                                ... – 22.02.2013


Avanqard.net


Digər Məqalələr