Əli Şirin Şükürlü - Bir gün eşitdi ki, intihar edib...
08/02/2017
ƏDƏBİ SUPREMATİZMƏ aid yeni şeir
Akrofobiya
Məktəbdə bir dostu var idi, eyni binada yaşayırdılar həm də.
Dərsdən sonra tez-tez yaşadıqları evin damına çıxardılar –
çardaqdan yol vardı evin damına.
Pilləkənləri qalxarkən dostu həyacanlanar,
əlini çəkməzdi divarlardan. Dama çatınca isə tutmağa yer axtarardı.
Sonra tez də bir-birinə söykənək oturub seyr edərdilər şəhəri.
Əvvəl bir müddət susardılar adətən, sonra söhbət üçün
müxtəlif mövzular tapılardı öz-özünə; yeniyetməlik həyatıdı da,
hamı keçər bu körpüdən. Yüksəklikdə olsalar da çox şeyə
“aşağıdan yuxarı” baxardılar hələ ki.
Yüksəklikdən qorxardı dostu. Yuxuda hansısa yüksəklikdən tez-tez
yıxıldığını da söyləmişdi ona. Amma bəzən qəfil açıb qollarını dayanardı:
nə uçmalı məkandı – açıb qollarını beləcə uçasan üzü aşağı.
O, təəccüblə dostunun üzünə baxardı; hər dəfə qorxunu dəf edib,
yüksəklikdən qisas almağa hazırlaşardı sanki.
Sonralar bu hadisə hər yadına düşəndə
çoxdan yəqin etdiyi bir fikir keçərdi ağlından: hər cür
fədakarlıq və qəhrəmanlıqlar qorxu hissindən də doğula bilir.
İllər keçdikcə az-az görüşürdülər.
Artıq tanınmış psixoloq idi uşaqlıq dostu. Xöşbəxt görünürdü
ilk baxışdan; rahat, daima üzündə təbəssüm. Bir gün eşitdi ki,
intihar edib, yaşadığı çoxmərtəbəli evin damından atıb özünü.
Kədərləndi. Məktəb xatirələri canlandı yaddaşında,
ən çox da dostunun uçmaq ehtirası –
qollarını geniş açıb və dayanıb damın kənarında.
Qırmızı lent sarılmış fotosuna baxa-baxa
fikrə dalıb düşünürdü qeyri-ixtiyari:
görən, akrofobiyası olan uşaqlıq dostu
nəhayət, neçə metr uça bilib üzü aşağı.
... – 17.01.2017
.