Əfsanə Laçın - Şeirlər
14/12/2012
Mən səni unudacam
Mən səni unudacam!
Quşların uçmağı unutduğu gün.
Mən səni unudacam!
Göyqurşağının hər gün çıxmağa başlayacağı gün.
Mən səni unudacam!
Kəpənəklərin ömrü uzanan gün.
Mən səni unudacam!
Ulduzlarla şam ağacını bəzəyəcəyim gün.
Mən səni unudacam!
Qarğıdalı dənələri rəngli-rəngli partlayanda.
Mən səni unudacam!
Günəbaxanın ləçəkləri rəngbərəng açanda.
Sərçələr köç edib gedəndə.
Unudacam səni
Unudacam...
6.12.2012
Ad günü
Hər il yeni il
Mənim doğum günümdən başlayır.
Mənim üçün...
Yaşım artır bilirəm...
Böyüyürəm?
Hiss etmirəm.
Çantası özündən böyük uşaq kimiyəm.
Həyat bu ilində hər gününə
Hədiyyə bağışlayıb.
Bilirəm hədiyyə qutularından
Bir-iki bir-birinə bənzər
Sevinc çıxacaq.
Qalanlları böyük-böyük,
Orjinal kədər olacaq
Qırmızı lentli,
Şıq-şıq çığaralı bağlamada.
Tələsmə!
Hədiyyələrə baxmağa vaxtımız bol olacaq...
6.12.2012
Bircə uşaqlar bilir
Bircə uşaqlar bilir
Kimi nə qədər sevdiyini.
Dağ boyda,
Pəncərə boyda,
Səma boyda.
Həyat üçölçülüdü...
Mənim ümidim dağ boyda,
Səbrim pəncərə çərçivəsi qədər balaca,
Sevgim səma qədər sonsuz deyil.
Ölçüyə gəlməz ölçülər bu dünyada yoxdu...
Burda riyaziyyat keçmir.
Burda ölçülər öz-özünə dəyişir.
Tez-tez...
Burda zaman yoxdur ki,
Vaxt ötdükcə yaralar qaysaxlasın.
Zaman böyümək üçündü.
Böyüdün...
Zamanı lazımsız əşya kimi at getsin!
Heç nəyi zamana buraxma
Zamanı həyatın caynağına at.
10.12.2012
Mənə 4-cü günə kimi vaxt qoymuşdun. Yadındadı? Aradan gör nə qədər 4-cü gün keçib, amma yenədə hərdən 4-cü gün yaxınlaşanda qorxuram. Fobiyalarımı tanıyırsan. Onların ucbatından çox şeyi və çox adamı itirmişəm, amma heç vaxt bilməzdim ki, sevdiyin adamı itirmək qorxusu adama cəsarət verə bilər.Hər şey sənin mənə vaxt qoymağınla başladı. Həyatımın hər açılan 5-ci gününə görə təşəkkürlər! Nə yaxşı ki, varsan.
4-cü gün
4-cü gün
Cümə axşamı
Vaxtın bu qədər azdı
Tələs!
Heç kim bilmir
Neçə cümə axşamı atladacaq.
Səndə, məndə...
Fobiyalar cəhənnəm olsun!
Sevdiyin adamı itirməklə yanaşı
5-ci günü itirmək var.
Qorxma itirməkdən
Sən ki, onu yağşı tanıyırsan...
Çox şey itirmisən bilirəm...
əlində qalan azı sıx
bərk-bərk sıx.
Həyat budur
Hamı çox şey itirməlidir.
İtirir...
Sonra hər şey yaxşı olacaq
Dünya bu qədərdə insafsız deyil
Sənədə nəsə qalacaq.
Fobiyalarını 4-cü gündə basdır,
İtirdiklərinin üstünə gül səp gəl.
5-ci günün mübarək...
10.12.2012
Digər Məqalələr
BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
Seyran İsmayıl: \"Ədəbiyyatın həndəvərində dolanmaq daha yaxşıdır\" - MÜSAHİBƏ