Avanqard

Coşqun Cəfər - Allahın ateistliyi

12/06/2013

Nilufərə


Saat 23:47.

Şəhər uyuyur...

Yağış yağır, gecənin üzünü yuyur.

Diqqətlə baxıram, dost

Gecənin rəngi yenə də ağarmır ki, ağarmır,

Yenə də qapqaradır.

Düşünürəm, bəlkə də gecənin vətəni Afrikadır.

Soyu-kökü ya zəncidir, ya ərəbdir

Ona görə belə qaradır,

Ona görə yayda burda çox qalır,

Ona görə qışda buralar onu incidir, qəribdir...


Düşünürəm, gündüz isə ağdır, sarıdır,

Bəlkə də onun da vətəni Avropadır, Rusiyadır...


Bunları düşünürəm... darıxıram, dost!


Darıxıram məndə öz vətənim üçün,

O bitməyən, gül çıxmayan çöldür içim...


Vətən!

Bizim vətənimiz haradırsa uzaqdır, dost

Uzaq isə nə hansısa bir yerin,

Nə də insanın adıdır.

Uzaq azadlığın yaşadığı naməlum ünvanın adıdır!


İnsan üçün azadlığın başqa bir adı da uzaqdır

Azadlıq həmişə uzaqda yaşayır,

Həmişə axtarışdadır,

Qaçaqdır, dost!


Yəni əslində biz nə uzaq üçün darıxırıq,

Nə də uzaqdakilər üçün.

Biz azadlıq üçün darıxırıq, dost

Azadlıq isə təklər üçün!


Təkik...

Hey getmək istəyirik uzağa,

Vətənimizə,

Yəni azadlığa,

Allaha!


Axı Allah da göydə,

                             uzaqda.

Bilirsən niyə?

Çünki yaxın bildiklərinin hamısı saxta...


Bu qədər yaxinikən

Allahın bizi tərk etməsi mümkünsüz idi, dost

Amma bu insanlar bunu mümkün etdilər.

Onun üstə hücum çəkib,

Burdan sürgün etdilər...


Ona görə Allah bizim aramızda bu gün yoxdu, dost

Və məncə Allahın varlığı da elə onun yoxluğundadır.

And olsun Allaha əgər Allah var olsaydı

Bu insanlar bir bəhanə tapıb onu yox edərdilər

Sonra yeni bir yox uydurub onu allah edərdilər

Yəni Allah yox olmamaq üçün yoxdu, dost

Onun bizə yaxınlığı isə bizdən uzaqlığındadı...


Bizə hamıdan yaxın, bizdən hamıdan uzaqdı,

O Allahdı, dost!


Amma bu insanlar o qədər yalançıdır,

O qədər vəfasıdır,

O qədər riyakar, o qədər vəhşi,

O qədər aferistdir,

Burda bizim kimi Allah da ateistdir, dost!


Allah da ateistdir;

İnsanlara imanını itirib,

Üz döndərib,

Dalaşıb,

Uzaqlaşıb,

Qeybə çəkilib,

Yoxa çıxıb...

Bu insanlarla yola getmək çətindir, dost

Onlarla Allah da vidalaşıb,

Səfər edib, göyə çıxıb...

Digər Məqalələr