Avanqard

Ariz - Balığın son rəqsi

07/11/2012



İnsanlar şeir söyəcək ...


Gecəykən bütün söyüşləri

şeirlərlə dəyişdirdim.

Daha insanlar bir-birinə

şeir söyəcək ...


***

Zənci şairlər ağlara etiraz edir:

“Onlar bir də ağ şeir yazmayacaqlar!”


***

Heç kim

anlamır

ağ vərəqə

yazdığım

şeirləri.


***

Öz dilimdə danışmağa

qoymadılar.

Öz dilimdə susacağam

bundan sonra.


***

İnsan - Tanrının yazdığı

ilk sərbəst şeir!


***

Şair bətnində ölən

bütün şeirlər

Günəşi görməyən

uşaqların şərəfinə!


Divarın sevgilisi


Adına “daş” dediyin

bu soyuq divar

gör necə şövq ilə qucub

sevdiyi sarmaşıqları.



Balığın son rəqsi  


Yosun ətri verən

təkəbbürlü tənha qadın...

Qoynunda xumarlanır

sərxoş qayıqlar.

Adını zikr eləyir

balıqçı torunda

sonuncu

rəqsini edən balıqlar...


Saat


Saat...

insanın həyatına

qurulmuş

sayğac.



Qırmızı


Dodaqları

al rəngdəydi

Qırmızıyla hüdudlanmış

bütün qadağalar kimi...



Digər Məqalələr