Avanqard

Aqşin Yenisey: Mənə səndən soyuq dəyib

11/02/2013

I

Sənin uzaqlığından başqa bir yaxınlığın qoxusu gəlir.
Sənin olmadığın hər yerdə
Mənim sevgimin yuxusu gəlir.
Az qalıb yenidən tək qalmağıma
Ömrümün növbəti "yoxu”su gəlir.
İndi mən elə lal-dinməz gedirəm ki, ustad,
Sağ qalmış canımın sol tərəfinə,
Tanrının yox olmaq ağrısı gəlir.
Sən ki ağlamırsan, ustad
Sənin gözündən
Dünyanın "niyə"si, "nədən"i, "axı"sı gəlir...

II

ağlaya da bilmirəm daha.
gözlərim buz bağlayıb.
bədənimin buzlaşma dövrü başlayıb.
mən indi, sadəcə, bütün unudulmuş insanların dostuyam.
o insanların ki
hətta indi özüm də onları xatırlamıram.

III

mənə səndən soyuq dəyib
ağrılarım üşüyür.
qov məni, çıxar özümdən
qoy desinlər, bir kişi var
neçə ildir
öz qəlbində kirayədə yaşayır.
ancaq elə bil, yaşamır,
onun ömrü... belə deyək:
yaşamağa oxşayır.

IV

Həyat mənə ağlamağı öyrətdi,
mən ona gülməyi.
mən ona yaşamağı öyrətdim,
o, mənə...
...ölməyi.

V

evdar olub getmişəm
gün boyunca qırışmış xatirələrimi ütüləmişəm.
və indi bilmişəm:
mənim sevgimin köynəyi
sənin ürəyinin əyninə dar imiş.

VI

sənin ümidlərinlə öz ümidsizliyimi üst-üstə gəldim.
heç nə alınmadı.
bağışla, hər dəfə sənin sevginin yanına əliboş gəlirəm.
acından ölürəm,
varındısa, mənə bir az ümid ver,
sonra qaytararam.
və əynini elə soyun ki,
guya, payızdı,
ağaclar yarpaqları ilə vidalaşır.

VII

üç-dörd saatdır pəncərədən küçəyə baxıram.
insanlar elə yalqız-yalqız yeriyirlər ki,
aşağı düşüb onlarla yanaşı yerimək
və qulaqlarına pıçıldamaq istəyirəm:
"siz tək deyilsiniz".

VIII

olmadığın yerlərdə
o qədər çox sevirəm ki, səni...
mən sənin olmağını yox, olmamağıni sevirəm.
sənin olmamağını da mənə qısqanırlar.
mən də bu cür bədbəxtəm,
adamları unuduram,
ancaq onların yadda qalmaq üçün ikinci insana ehtiyacı var...
Boş söhbətdir ki,
İnsan Allah tərəfindən yer üzünə göndərilib.
İnsan, sadəcə, yaşamaq üçün
onu güdən Allahdan yer üzündə gizlənib.

IX

İçində sən olan yuxuları görürəm ancaq.
İçində sən olan xəyallara qapılıram.
Yoxluğun da özün kimi doğmadı, əclaf!
Bu gün qapını elə bərk çırpdım ki,
Sanki, evin ağzına bir şillə çəkdim.

Bu gün də təkəm, əclaf!
Sabah da tək olacağam,
Dünən də təkdim.
Getdin...
Arxanca su əvəzinə, göz yaşı tökdüm.

Hər gün saatımı geri çəkirəm
Səninlə olduğum günlərə doğru.
/simsar.az/

Digər Məqalələr