Avanqard

Xəyalə Sevil -  Bir qadın sevir səni

27/12/2013
















Sənə oxşayan biri var

Sənə oxşayan biri var,
Bir azca sən varsan onda.
Baxışından bir azca var,
Gülüşündən bir azca var,
Hər işindən bir azca var...

Baxışlarım sığallanır
İllər sonra,
Həsrətim təzələnir.
Könül yaram,yox,
Bu dəfə ağlamıram yoxluğuna.
Baxma ki,yanağım yaş,
Gözlərim qışlaq yeridi,
Əriyir yavaş-yavaş.


Yolları göndərdim arxanca…

Gün günü, ay ayı, il ili qovur,
Ömrünü dağ kimi çıxıb aşırsan.
Üzün yaddaşımda iyirmi üçdü,
Özün otuz üçə yaxınlaşırsan.

Haradasan, qayıt səbəb de mənə,
Düzünü saxlayım,əyrindən keçim,
Bir ondan qorxuram,qocalaq,bir gün
Səni tanımayım, boyründən keçim.

Yolları göndərdim arxanca sənin,
Bilirəm başını əyib gələcək...
Boyunu ölçsələr məhəbbətimin
Mənim ürəyimdən böyük gələcək.

Həsrətin ərköyün uşaq kimiydi,
Birtəhər başını qatmışam mən də.
Arxaya atılan ehtiyat kimi
Səni ürəyimə atmışam mən də.


Bir qadın sevir səni

Səndən bu qədər,məndən
Yox,hələ davamı var.
Köçkünəm ürəyindən,
Yurdmu var, yuvamı var...

Qoy xəbərin olmasın,
Bir qadın sevir səni.
Gizlənib ürəyində
Hür qadın, sevir səni.

Neçə ildi gözləri,
Su çıxaran quyudu.
Yoluna yağan yağış,
Gözlərinin suyudu.

Qoy xəbərin olmasın,
Elə bil, unudubdu.
Sənin məhəbbətini,
Qarğış kimi tutubdu...


Avanqard.net

Digər Məqalələr