Avanqard

Vasif Əlihüseyn - Sevgiyə tamarzı ürəklərimiz

15/12/2015

BİR GÜN OYANIB GÖRDÜM Kİ

mən bilmirəm necə olur adamları unutmaq
necə olur qadını ölmüş küçədə sevinmək
axı, xatirimdəsən, necə deyim unutmuşam
necə deyim aldatmışam dünən səni gizlicə

qazınız da şam kimidi gözün aydın
heç qabaqlar bu da yoxdu cəhənnəmə
yollarımız it günündədi neynək
bu qışı da yola verək birtəhər

anam qədər uzaqdasan uzaqda
çağırsam eşitməyəcəksən
ağlasam görməyəcəksən
 
atam kimi zəhləm getmiş xatirən
hər gün danışır mənimlə zəhər – zəhər
bir gün oyanıb gördüm ki
anam kimi sən də yoxsan səhər – səhər

bizdə ki, hər şey yaxşı idi
hərəyə bir ürəyimiz vardı
bir sevgilik
aramızda elektrik nə bilim nə

Vijdan haqqı birtəhərəm – birtəhər
Bir gün oyanıb gördüm ki
Anam kimi sən də yoxsan səhər–səhər



HƏR GÜN RASTLAŞIRIQ

Sevgiyə tamarzı ürəklərimiz
əlini açıb dua etdi Allaha
sevmək üçün.

Sən dünyaya
ağrımaq üçün gəlmisən elə bil.
Allah ikimizi də böyük yaratdı
Əstahfürüllah!

səni evin böyük qızı -
məni isə böyük oğlu kimi.

Üzü günəşə durub adamlar,
üzü qibləyə kəsirlər
sevgilərin başını.
mən də üzü anamın
qəbrinə dayanmışam
ağlamaq da gəlmir içimdən
susmuşam.

Qadın gedişləriylə doludu evimiz:
anam, bacım, sən...
bir bilsən qadınsız evlərdə
kişilərin təkliyi nə boyda olur.
Hələ də
bu evin qadını olacaqsan kimi
arzu var içimdə.

İndi metro
eskalatorlarında rastlaşırıq
Salam - veririk
Necəsən? – deməyə vaxt çatmır.

sağollaşmağa qolumuz da qalxmır
sağollaşmaq gəlmir içimdən

hər gün rastlaşarıq
hər dəfəsində
sən məni, sevmədiyin üçün ağlayırsan,
mən də, səni unutmadığım üçün.




ALLAH ÖLDÜYÜM GÜNÜ DE

Yaşamaq həvəsiylə,
doğulmuşuq dünyaya.
Bilməm hardan düşmüşük,
biz hardan bu sevdaya.

Qaça-qaçdadı adamlar,
Kimlərsə hardasa yatır.
Adamlar pərən – pərəndi,
hərə öz başını qatır.

Tozun içindədi küçə,
küçə elə gündədi ki.
Gündə milyon adam ölür,
mənim ölməyim nədir ki.

Dayanın, nə olar, dayanın,
yerimə başqasın asın.
nənəm deyərdi ömrümdən kəs
Allah, balam yaşasın.

Deyəsən çox çəkməyəcək,
canımdakı bu ağrım.
Allah, öldüyüm günü de,
yasıma adam çağırım.

Digər Məqalələr