Avanqard

Vasif Əlihüseyn - Atamın bişirdiyi yemək kimidi yaşamaq 

22/10/2016

GEDİŞİN AĞLIMA GƏLMƏYƏN...

Atamın bişirdiyi yemək kimidi yaşamaq
Nə dadı var, nə də duzu
indi hərə öz yerini yığır
hərə öz canının hayındadı evimizdə
gedişin ağlıma gəlməyən
ayrılıqlar kimi oldu, ana!

ta adına dükanda nisiyə də yoxdu,
axırıncı borcunu da ödədim
dükançı adını qaraladı
nisyə dəftərində.

bircə sənin olmamağın imiş
evimizdə hər şəyin olmamağı
sənin yatmağından sonra
hamımız susmuşuq
heç kim ayağını çırpmır döşəməyə

səni axtaran qonşu qadınlarına da
yerini deyə bilmirəm...
 

 
YORĞANDAN QADIN DÜZƏLTMƏK

məftildən maşın düzəldirdik uşaqlıqda
böyüdük yorğandan qadın düzəltdik
belə öyrəndik 
başsız qadın bədəninə sarılmağı

sonra anamızı qoyduq qəbirə
qollarımızda
və belə hiss etdik
qucağımızdakı qadın ağırlığını

adamlara məzar daşısız ağlamaq
daha asantdı, biləsən

o, vaxtdan
yorğandan düzəltdiyim
başsız bədəninə sarılıb yatıram
hər gecə

getməklərin ən yaxşısını sən etdin
xəstələnməklə
xəstəyəm, ömrümə bir gün qalıb
əlac yoxdu filan...

canından bezib
ölümünə sevinənlər kimi
mən də sevgidən bezib, ayrılığa sevindim

məndən narahat olma
anamdan sonra
heç kimin gedişinə ağlaya bilmirəm.

 

EVİN AÇARI

səndən sonra
bu küçə necə qadınsız qalıbsa,
gedib, bu küçəni mən də kişisiz qoyacam

bu yayın istisində
nəyimi götürüm gedib?!
pencəyimi
onu hamı götürüb gedib
mən nəsə başqa bir şey götürmək istəyirəm
məsələn: səninlə olan bir – iki rəsmimi

bu hasarı bizimçün hörmüşdülər
boylana – boylana böyüdük
heç özümüz də bilmədən
bir daşını da qopardıq
hər dəfə yazdığımız məktubları
o, daşın altında gizlədirdik bir – birimizə

gedirəm, qayıtmayacam
o, daşın altında gizlətmişəm
evin açarını
qayıtsan, götürərsən bayırda qalmamaq üçün


SƏN BİLMƏZSƏN

Sən bilməzsən
darıxmaq nə deməkdir
burda.

At arabasına
nömrə vurub maşın arzusunun
başını qatarlar kənd uşaqları.

 Və bir də
“Bəxtinizi bir daha sınayın” kimi
aldanışlara ümüd bağlayarlar.

hər dəfə gözlərini dikərlər
semiçka qutularına.

Sən bilməzsən
yaşamaq nə deməkdir burada.

Əllərin, qolların palçıq
olmalıdı.
Yaşamaq üçün
donmalısan soyuqda.

Digər Məqalələr