Avanqard

Saday Şəkərli - Şeirlər

17/04/2013

Sənə

Sənə...
Əlli dörd il qabaqkı Sənə
təkcə allah bənzəyər...
Hörümçək toru yolları
qatlayıb qoydum dizlərim altına,
endim, min dəfə endim
Yerin təkinə,
qalxdım, min dəfə qalxdım
göyün yeddinci qatına,
Sənə bənzərin tapmadım...
Əlli dörd ildi
quş yuvalarını
gəlin otağı kimi bəzəyirsən...
Heç böyümədin...
indi Sən
əlli dörd il qabaqkı
Sənə bənzəyirsən...

xxx

Bu güngörməz adamın,
dalını dağlasan belə,
kəsib, soyub, doğrayıb,
üstündə ağlasan belə,
heç susana oxşamır...
Dilini kəssən, gözləri danışacaq,
ağzını bağlasan, partlayacaq ürəyi...
danışmaqdan, və yalnız danışmaqdan çıxır
bu məlunun çörəyi...


Buludlar

Buludlar yelin bağlasın,
boğub dərdini, saxlasın...
Səni dənizlər ağlasın,
gücü gücümə bənzəməz.

Aslan dişindən gözəldi,
gözəl, döşündən gözəldi...
Üçüm beşındən gözəldi,
beşi üçümə bənzəməz...

Çölüm quşlar yaylağıdı,
sığırçınlar yaylığıdı,
içim dərdlər oylağıdı,
çölüm içimə bənzəməz...

Sinəm, yaxam ayrılıqlar,
könül yuxam ayrılıqlar,
bizi yixan ayrılıqlar
durna köçünə bənzəməz...

xxxx

Kimsəsizlər kimsəsidi,
haqq olmağımız bəsidi,
külli-aləmin səsidi,
səsdən ibarətdi Allah...

Biz uyuruq, O ,yatırmı,
O yuxusuz həyatımdı,
gəraylımdı, bayatımdı,
sözdən ibarətdi Allah.

Müqəddəs sanmışam pirtək,
gizlin, açılmayan sirtək,
yer üzünə baxan bir tək
gözdən ibarətdi Allah...

Ahlarımız düşdü şərə,
günah dağıldı bəşərə,
tanrılar töküldü YERə,
bizdən ibarətdi Allah...

Elə yaxınam sənəa
Elə yaxınam sənə,
elə yaxınam, -
üstümdə kölgən,
yanıb-qaralıb
istidə kölgən...
Nədən qoymadın
məni artmağa,
bir az böyüyüb,
bir boy atmağa?
Gözlərim puçur-puçur,
dağılsın göylərin,
Kölgədə necə
bitib gəyərim?

Avanqard.net

Digər Məqalələr