Raset Pirisoyu - Sevgi kitabından üç şeir
17/10/2013
***
Sən
yadıma düşən axşam,
Külək əsirdi bayırda,
Hava bir az yağışlıydı,
Deyəsən,
yağırdı qar da…
Səndən çox
əsən küləyin
Yanındaydı fikrim, huşum,
Səni küləkdə tapmışdı,
Xatirəndən yorulmuşum.
Niyə düşmüşdün yadıma;
Bu gəlişin nə deyirdi ?
Bayırda külək əsirdi,
Yer üzünü qar döyürdü…
***
Sən də canavarsan,
Mən də -
Sən susmağın canavarısan,
Mən danışmağın…
Mən də canavaram,
Sən də -
Sən ağrıtmağın canavarısan,
Mən ağrımağın.
Canavarıq…
Sən də, mən də -
Sən çıxıb getməyin canavarısan,
Mən cağırmağın…
***
Dünya
daha yox bizimçün,
biz olsaq da bu dünyada,
Alışsaq da bu dünyada,
qovrulsaq da bu dünyada.
Çıxıb getsə də adamlar,
bu dünyanı bizə verib,
bütün görüş yerlərini
verib,
ikimizə verib…
Dünya daha yox bizimçün!
Səni
yuxuda gözləyim, -
Və yuxuda sevim səni
Və yuxuda əzizləyim.