Avanqard

Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni

24/11/2020

Avanqard.net Qulu Ağsəsin Ağdam haqqında yazdığı "Ağ alınlı qızılı atların vətəni" adlı şeirini təqdim edir.






                                     
“Sən öl”ü, “ sağ ol”u bəlli
  yaranandan üzü bəri
  yasında yasin oxunan
  toyunda tüfəng atılan –
                                      şəhərim!
 Dünyanı bazara çıxaran
 dünya bazarında satılan –
                                       şəhərim!
 Yuxarı başına keçən kafirə
 yuxarıdan aşağı baxan,
 Allahdan da çəkinməyən
 bircə əsarətdən qorxan!
 Ağ alınlı qızılı atların vətəni,
 seyid cəddinə içilən andların vətəni!
 Sən dar gündə
 Şuşaya arxa,
 Xocalıya ümid oldun.
 Son nəfəsəcən döyüşdün,
 son nəfərəcən şəhid oldun...
 Ağam şəhərim!
 Adam şəhərim!
 Ağdam şəhərim!
 Şükür külünə,
 şükür qayıdış gününə!
 Sevincdən ağlımız çaşıb
 yüz min dəliynən gəlirik.
 Bir “Uzundərə” havası çal,
 çıx Bərdə yoluna –
 Uzundərəynən gəlirik!..

15 noyabr 2020




Digər Məqalələr