Avanqard

Nilufər Muğantürk - Ömürün əyləci xarab olub

18/01/2013

İlahi, bu nə darıxmaqdı?!


                                          Ramiz Rövşənin \"Darıxıram\" şeirinə


İlahi, bu nə darıxmaqdı?

Dodağım, dilim darıxır.

Getdiyim yollar, küçələr,

Ayağım, əlim darıxır.

İlahi, bu nə darıxmaqdı?
Dinirəm sözüm darıxır.
İntizarla yollarına
dikilib gözüm, darıxır.

İlahi, bu darıxmaq deyil,
Ölümün o bir adıdı.
Üzülüb kövrəlmə, Tanrım,
yolum ki, Sən`ə sarıdı.


15.01.2013


Bir az özündən danış


Bir az özündən danış.
Gözəl susmaq dilini
de, kimdən öyrənmisən?
Sənə çətin deyil ki,
gözlərinlə danışmaq?

Bir az özündən danış.
Belə cılız bədənə
O boyda böyük ürək 
görən necə sığışır?
Sənə çətin deyil ki,
kədərə gülümsəyib,
xəyanətə alışmaq?

Bir az özündən danış.
De, necə keçirirsən,
yaşaya bilmədiyin 
ömürün günlərini?
Sənə çətin deyil ki,
susmayan vicdanını
içində boğa-boğa,
bu dünyayla barışmaq?

Bir az özündən danış.
Aynada gördüyünü,
tanıya bilirsənmi?
Hələ dəyişməyib ki,
gözlərindəki adam?
Sənə çətin deyil ki,
göylərdə ola-ola,
cismə sığmayan ruhun,
ölü təfəkkürlərə,
ruhsuz soyuq canlara, cisimlərə qarışmaq?
Sənə çətin deyil ki?


17-21.10.2012



Səndən sonra…


Səndən sonra, susub saat əqrəbi.
Nə gün çıxır, 
nə gün batır, 
ya da ki, mən görmürəm.

Səndən sonra, sürdüyüm bu ömürün,
əyləci xarab olub.
Çırpılıram o ömürdən bu ömürə,
hamar həyat yoluyla
ömür sürə bilmirəm.

Səndən sonra mənimçün,
bütün fəsillər qışdı.
Unutmuşam ili, 
ayı, 
günləri,
yaşımın neçəliyini...

Səndən sonra, yeni dil öyrənmişəm.
Hamını çox rahatca inandırıb 
aldatmağı bildiyim, 
yalandan, 
GÜLÜMSƏMƏK dilini...

 07.12.2012

Digər Məqalələr