Mahir N.Qarayevdən yağışlı-dənizli şeirlər
03/10/2017
QAYIĞI YELKƏNLİ DƏNİZ
Dalğaları cinni dəniz,
Qağayısı kinli dəniz!
Məni də al qayığına –
Qayığı yelkənli dəniz!
Qayığına al məni də, lal məni də, kar məni də,
Apar, apar, sal məni də bu sahildən o sahilə...
Baş qoyaram ayağına,
Ayazına, soyuğuna,
Məni də al qayığına –
Qayığı yelkənli dəniz!
Ovsunundan çıxammıram, yosununa baxammıram,
Suya dönüb axammıram bu sahildən o sahilə...
Boylandıqca qaşdan-qaşa,
Daşa döndüm başdan-başa,
Başım dəydi daşdan-daşa –
Qayığı yelkənli dəniz!
Əlin yox əl üzüb gedəm, bezib gedəm, küsüb gedəm,
Gəmin də yox üzüb gedəm bu sahildən o sahilə...
Dərdinə həmdəm olaram,
məni də al qayığına;
Qağayına yem olaram,
yem olaram balığına...
Amma hanı?
Qulağı yox,
qağayısı, balığı yox,
sularında qayığı yox –
nə yelkənli, nə yelkənsiz...
Hər nəyi varsa, budu bu,
qoxusu budu, dadı bu;
göz yaşımdı, şor sudu, su –
qumlu, qumsuz, çənli, çənsiz...
Məni də yoracaq belə,
səni də yoracaq belə,
yenə də duracaq belə –
mənli, mənsiz, sənli, sənsiz...
SEVGİ YAĞIŞI
Opüş dalınca öpüş gələcək!
Gözlərin gecə kimi qara,
gözlərin bulud kimi kövrək –
bu gecə yağışsız ötüşməyəcək.
Yağış tellərini yuduqca
yuyulub getməyəcək
o sevdalı gecənin qaranlıqları;
yağış tellərini yuduqca
öpüşlər təzədən çiçəkləyəcək.
Opüşlər tellərində
yağışdan-yağışa doğulacaqdır;
o sevdalı gecənin qaranlıqları
axşamdan-axşama təzələnəcək,
gecədən-gecəyə yuxalacaqdır.
Baş-başa verəcək axşamlar,
gecələr yan-yana düzüləcək –
o sevdalı gecənin qaranlıqları
bir gün tellərində ağaracaqdır...
DƏNİZ
Anam dəniz,
məni bir gecəlik ovudarsanmı –
ağrımı-acımı yuyub tərtəmiz
sel kimi, su kimi axıdarsanmı?
Sonam dəniz,
sökəcək içimi bu pıçıltılar –
öpdüyüm saçların kövrək eşqinə
bircə yol ömrümə qayıdarsanmı?
Tanrım dəniz,
üz qoyub öpərəm bu qayaları –
bircə misralığa, bircə anlığa
Müşfiqi, Nazimi oyadarsanmı?
Sonum dəniz,
Bir qarış uzaqda ölən deyiləm;
Aparırsan apar səssiz-səmirsiz –
Getsəm, daha bir də gələn deyiləm...