Avanqard

Kənan Hacı - Günahlarımın əfvinə

14/01/2013










Bu badəni sənin yoxluğuna qaldırmışam,
günahlarımın əfvinə içirəm- 
bağışlamayacağını bilsəm də.
Mən də bu günahı seçdim özümə,
yanımda olsaydın, yenə günaha batardım,
günahsız yaşamaq olmur
bu fani dünyada...
günah həyatın astar üzüdü,
sənin yoxluğuna içirəm...
Orucu pozulmuş adam kimi
“daha keçdi” deyib
bir siqaret də yandırım
sənin yoxluğuna...
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?...

Xəyalımda səni düşünüb
özgəsinin qoynunda itdim,
sənin yoxluğundan başladı
xəyanətə aparan yollar,
sənin gözlərində batdım günaha,
özgənin qoynunda səni itirdim.
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?...
İçimdə qara gün üçün saxladığım ümidi
güllələdim bu gecə,
sənin yoxluğuna içdim bu gecə...

Digər Məqalələr