Adil Mirseyid - Unudular dodağının balı da...
09/03/2013
Etiraf
qürbət eldə sərsəri kimi
könlüm çox yorğundu dindirmə məni
haçansa yazdığım bir şeir kimi
sevib unudaram gözəlim səni
unudaram gözünü göz yaşını
unudaram boynundakı xalı da
unudaram qəbrini baş daşını
unudular dodağının balı da
burax gedim bir də geri dönmərəm
mən sənin qapını döymərəm daha
uçaram göylərdə yerə enmərəm
bu bəxti taleyi söymərəm daha
qara foksteryer çımaz yadımdan
adam gözü kimi qəmli gözləri
ona salam söylə mənim adımdan
və unut dediyim bütün sözləri