Avanqard

\"Qanun\"da yeni kitablar nəşr edildi 

06/02/2015

\"Qanun\"da yeni kitablar çap olundu. \"Qanun\" nəşrlər evi yeni kitablar çap edib. Artpress.az həmin kitablar haqqında məlumatı təqdim edir.
Devid Oqilvi - REKLAMÇININ ETİRAFLARI

“Reklamın atası” hesab olunan Deviq Oqilvi 37 yaşında öz reklam agentliyinin əsasını qoymuşdur. Sonralar bu agentlik indi “Ogilvy & Mather” kimi tanınan beynəlxalq reklam şirkətinə çevrilmişdir.
Reklama reklam agentliyinin gözü ilə baxan bu kitab Oqilvinin təcrübəsinə əsaslanan konseptlər, taktikalar və texnologiyalardan, həmçinin insanların hansı reklamlara nə cür reaksiya verdiyi barədə araşdırmalardan bəhs edir.
Reklamçısınızsa, Oqilvinin bu ilk əsəri təcrübənizə təcrübə qatacaq, yox əgər reklamı yalnız media vasitələrindən izləyənlərdənsinizsə, kitab sizi reklamın iç dünyasına aparacaq və onun necə hazırlandığını göstərəcək.
“Reklamçının etirafları” reklam sahəsində işləyənlər, işləmək istəyənlər, reklamla maraqlananlar üçün elmi-praktiki vəsaitdir. Biznesin hər hansı bir sahəsində uğur qazanmaq istəyən kəs bu kitabı öz “mütləq oxunmalı kitablar” siyahısına salmalıdır.

Bakı, Qanun Nəşriyyatı, 2014, 232 səhifə., 5.49 AZN
İngiliscədən tərcümə edən:     Orxan Əmrullayev
Redaktor:                                   Xeybər Göyyallı



Robert Qrin - YOLDANÇIXARMA SƏNƏTİ

“Yoldançıxarma – hakimiyyətin son həddə təcəssümüdür. Onun sehrinə düşənlər və onun qarşısında geri çəkilənlər bunu məcburiyyət qarşısında yox, həvəslə və sevinclə edirlər. Qadınlara kişiləri məftun etmək xoş gəlir, kişilərə  qadınları; yazıçılar oxucuları valeh edir, aktyorlar tamaşaçıları, satıcılar alıcıları; siyasətçilər elektoratı, yəni mənimlə sizi yoldan çıxarırlar. Bu valehedici, həyəcanlandırıcı və çox vaxt sərt oyunun iştirakçılarını sonsuz sadalamaq olar. Lakin bu sənətə çox azları kamil yiyələnə bilir. Həmin azların, seçilmişlərin cərgəsinə necə düşəsən?
Məftuedici insan olmağı isə gizlində hər kəs arzulayır.
Yoldançıxarmanın taktikası və strategiyasını, insan psixologiyasının mahir bilicisi Robert Qrinin kitabında tapacaqsınız. Bu kitabda toplanan məsləhətlərə əməl edin və siz hər bir təbəssümünüzü, hər bir jestinizi, hər bir sözünüzü qarşısıalınmaz silaha çevirə, rəhbərlərinizin, həmkarlarınızın və ümumiyyətlə, ətrafınızda olan hər kəsin hədsiz-hüdudsuz etimadına nail ola bilərsiniz. Siz istənilən qadını (və ya kişini) sehrə sala biləcəksiniz, həmçinin də özünə əmin olan, gur, uğurlu şəxsiyyət olacaqsınız.
Odur ki, səs-küylü bestsellerlərin və ilk növbədə də “Hakimiyyətin 48 qanunu”nun müəllifi olan Robert Qrinin bu kitabını vaxt itirmədən oxuyun.

Bakı, Qanun Nəşriyyatı, 2014, 256 səhifə, 5.99 AZN
Rus dilindən tərcümə:     Yaşar ƏSƏDOV
                                    



Dr. Riçard Karlson - XIRDA ŞEYLƏRİ DƏRD ETMƏYİN

Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.


Bakı, Qanun Nəşriyyatı, 2014, 228 səhifə, 1000 tiraj, 5.49 AZN
Türkcədən tərcümə:       Zinyət Əmirova
Redaktor:                         Xeybər Göyyallı

Digər Məqalələr