Avanqard

Marina Svetayeva - Ayrılıq

26/09/2013


Çingiz Əlioğlunun tərcüməsində














Qaragöz görürəm səni - ayrılıq!
Ucaboy, - ayrılıq! Tənha, - ayrılıq!
Bıçaqtək parlayan gülüş - ayrılıq!
Mənə bənzəməyən, gümüş - ayrılıq!

Dünyadan tez köçən o analartək,
Mənim də anama oxşar, - ayrılıq!
Astana ağzında duran Annadır
Yatan Seryojanı oxşar, ayrılıq!

Soxulub eşikdən düz evə keçər,
Qaraçı, - ayrılıq! Ləçər - ayrılıq!
Zəlidir, - yapışıb damardan içər!
Odtək biçarəni biçər, - ayrılıq!

Yandırıb - göynədir, basıb - əzirsən.
Cırıb - dağıdırsan, yazıq gəzirsən, -
Bozqurdsan, - ayrılıq! Hər an hazırsan! -
Nə baba, nə nəvə, - quzğun tazısan, -
Qudurmuş, - ayrılıq! bayquş, - ayrılıq!

Bəlkə sən Raziinin törəməsisən.
Şaqqalı-budaqlı kürən qırışmal?
Quldurdur xislətin, zatın, ayrılıq!
.............................................
Bəlkə Marinadır, adın, ayrılıq!

İyunun sonu, 1920

Digər Məqalələr