Avanqard

Çinarə Ömray – Sumqayıt Teatrında “Pələng”lə üz-üzə

Avanqard 22/02/2026

Bu gün Sumqayıt Dövlət Dram Teatrında Ümid Abbasın rejissorluğu ilə səhnəyə qoyulan “Pələng” tamaşası fərqli quruluşu və psixoloji dərinliyi ilə yadda qaldı. Tamaşa tək aktyor - Kamran Muradovun ifasında baş tutdu. Amma səhnədə bir nəfər yox idi sanki… Orada həm insan vardı, həm də adı Pələng olan balaca bir it, taleyi ilə danışan, baxışları ilə susan bir canlı.

Bu tamaşada Pələng adlı kiçik itin dilindən danışılırdı. O, sahiblərindən, onların ona göstərdiyi sevgi və bəzən də laqeydlikdən bəhs edirdi. İtin sadə, saf baxış bucağından insan münasibətlərinə baxmaq tamaşaçını dərindən sarsıdırdı. Çünki bir heyvanın sədaqəti ilə insanın xəyanəti qarşı-qarşıya qoyulurdu.

Kamran Muradov səhnədə yalnız iti oynamırdı o, həm də insanı oynayırdı. Bir an itin qorxusunu, sığınacaq axtaran baxışlarını görürdük; növbəti an insanın sərtliyini, xəyanətini, eqosunu hiss edirdik. Səs tembri, bədən plastikasındakı dəyişikliklər, baxışların ifadəsi bütün bunlar obraz keçidlərini o qədər təbii edirdi ki, tamaşaçı sərhədi unudurdu.

Ən təsirli məqamlardan biri isə insanın bir-birinə etdiyi xəyanətin fonunda itin dəyişməz sədaqətinin göstərilməsi idi. Tamaşa sual verirdi: Bəzən “heyvan” dediyimiz kimdir? Sədaqətli olan, yoxsa xəyanət edən?

Ssenarist Ülviyyə Heydərova mətnə elə psixoloji qatlar əlavə etmişdi ki, hər dialoq, hər monoloq insanın içinə toxunurdu. Bu, sadəcə bir heyvan hekayəsi deyildi. Bu, insanın özünə güzgü tutan bir tamaşa idi. “Pələng” sübut etdi ki, səhnədə böyük dekor, çox aktyor lazım deyil. Bir istedadlı aktyor və güclü mətn kifayətdir ki, tamaşaçı zalını sükuta qərq etsin və hər kəs öz içindəki “pələng”lə üz-üzə qalsın.

 

Digər Məqalələr