Aydın Dadaşov - Vətəndaş
cəmiyyətinin tələbi
30/06/2015
Elektrik və peşəkar pianoçu ailəsində doğulub oxuduğu sinifdə yeganə yəhudi olduğundan qapalı böyüsə də, mükəmməl kino təhsili almaqla çəkdiyi otuz dörd filminin əksəriyyəti hitə çevrilməklə dünya tamaşaçısına tanış olan amerikalı rejissor Stiven Allan Spilberqin yaradıcılarına «Ən yaxşı rejissor işi» də daxil olmaqla beş Oskar bəxş edən «Sıravi Rayanı xilas etmək» (ssenari müəlifləri Stiven, Spilberq, Robert Rodat,1998) ekran əsəri geniş rezonans yaratdı.
İlk epizoddan görünən ABŞ bayrağı dövlətçilik prinsipini bəyan etməklə qardaşlıq məzarlığında sabiq əsgərin hıçqırtıları üzərində sıralanmış xaç şəkilli şəhid məzarlarının təsviri mövzu xatirəyə keçid üçün əsas verir. 6 iyun 1944-cü ildə Amerika dəniz desantının cəbhə bölgəsinə gəlişilə başlanan hadisəlilik prinsipində ilk döyüşün ölüm-dirim mübarizəsinin gərginliyi önə keçir. Bir-birinin ardınca qırılan əsgərlərin suyun altında qeyb olmaları, parçalanan, alışıb yanan, iççalatı çölə tökülən insan bədənləri, qandan qızaran dəniz suyu müharibənin anatomiyasını göstərir. Sahilə çıxmaq uğrunda mübarizə aparan əsgərlərin qarşılaşdıqları dəmir beton müdafiə səngərinin sərt müqavimətinin dəf edilməsi audiovizual həllini tapır. İri çaplı güllədən deşilmiş rabitə telefonunun cihazı komandanlıqla əlaqənin kəsildiyini göstərməklə gərginliyi artırir. Ayağından axan qanın kəsilməsinə cəhd edilən əsgərin başından vurulması, digər sürünən yaralının ikiyə bölünməsi ölümün portretini yaradır. Psixoloji triller elementləri tamaşaçıya bir an belə nəfəsini dərməyə imkan vermədiyi məqamda Allahı köməyə çağırıb alman snayperlərini məhv edən Amerika əsgəri döyüşdə vəziyyətin qismən dəyişilməsinə nail olur. Dəmir beton müdafiə səngərinə daxil olan Amerika əsgərlərinin döyüşün taleyini dəyişmələri maneələri dəf etməklə həyata keçirilir. Qanlı dalğaların cəsədləri sahilə çıxardığını təsvir edən kadrlar gərgin epizodlar arasında keçid rolunu oynadığı məqamda üzü üstə düşən əsgərin çantası üzərindəki Rayan soyadının oxunması fabula mexanizmini önə çəkir.
Amerikadakı ordu qərərgahında çoxsaylı teleqraf qurğusunda yığılan məlumatlarda bir ailədən çağrılan dörd qardaşdan üçünün, Piter, Şon və Daniyel Rayanların ölüm faktı əsas hadisənin məğzini yaradır. Ertəsi gün ananın üç oğlunun ölümü barədə qara xəbər alacağı faktının yüksək səviyyədə müzakirə olunması dövlət və vətəndaş münasibətini səciyyələndirir. Normandiya desantı olan dördüncü qardaş Ceyms Rayanın (Mett Deymon) da sağ olub-olmamasının bilinməməsi isə dramatizmi gücləndirir. Saralmış zəminin arası ilə toz qopara-qopara gələn, üzərində ABŞ bayrağının təsviri olan avtomaşını izləyən həyəcanlı ananın müvazinətini itirərək yerə yıxılması ağır dərdin audiovizual həllini verir. Qərargahdakı yüksək çinli ordu zabitlərinin sonuncu Rayının sağ olub-olmadığını araşdırmaları və vaxtilə respublikanın qorunması yolunda şəhid olmuş beş oğlunu itirən anaya göndərilən Avraam Linkolnun məktubunun oxunması dövlətçilik prinsipini yenidən önə çəkir. Rayanın xilası naminə kapitan Con Millerin (Tom Henks) başçılığı ilə səkkiz nəfərdən ibarət xüsusi təyinatlı dəstənin Normandiyaya göndərilməsi dövlətin vətəndaşı uğrunda mübarizəsinin tərənnümünə çevrilir. Cəbhədəki çoxsaylı əsgərlər arasında Rayanı tapmaq cəhdi ot tayasında iynənin axtarılmasına bənzəsə də, baş qərargahdan göndərilən xüsusi təyinatlı xilas dəstəsinin vaqeələri dramaturji prinsiplə həyata keçirilir.
Yarpaqlar üzərinə səpələnməklə get-gedə güclənən yağış damcıları növbəti döyüş səhnəsinə uğurlu keçid edir. Və mərmidən divarı uçmuş evdəki fransız ailəsindəki qızcığazın xilası naminə yaralanan kapralın axan qanının güclü yağış damcılarından selə çevrilməsi ölümün poetik simvolunu yaradır. Düşmən snayperinin vurulması ilə valideynlərinə qayıdan qızcığazın atasını sillələməsinin gərginliyin mikromodelini yaratması və ölmüş Kapralın ailəsinə çatdırılacaq qanlı məktubunun götürülməsi epizodu tamamlasa da, növbəti divarın təsadüfən uçması nəticəsində iki düşmən tərəfin üz-üzə gəlməsi dramatizmi artırır. Uzun axtarışdan sonra nəhayət ki, tapılaraq qardaşlarının ölüm xəbərini alan Ceyms Rayanın ağlaya-ağlaya müharibədən sonra onları balıq tutmağa aparacağı arzusu ilə yaşadığını bildirməsi gözönü hadisələri maneələrin dəf olunması yolu ilə üzə çıxarır. Ceyms Rayanın qardaşlarının məktəbli olmaları faktının üzə çıxması hüznlü gülüş yaradaraq tamaşaçını axtarışın davamını izləməyə sövq edir.
Kapralın qanlı məktubunun bəyaz kağıza köçürülməsi fonunda tapşırığın yoxsa insanın vacib faktor olmasının müzakirəsi və ölümlər bahasına xilas ediləcək Rayanın layiqli vətəndaş olmasının arzulanması əsas ideyanı önə çəksə də, sıralanıb keçən alman əsirlərinə sinəsindəki sionist nişanını göstərməklə «Mən yəhudiyəm!» deyə təkrarlayan Amerikalı əsgər müəllifin daxilindəki milli müqavimətin təzahürünə çevrilir. Ötüb keçən çoxsaylı əsgərlərin, döyüşdə həyatını qeyb edənlərdən qalmış jetonlar arasında Rayanın axtarılması yenidən əsas məqsədi, problemin həllinə yönələn növbəti hadisəni önə çəkir. Nəhayət ki, kontuziya almaqla kar olmuş Amerika əsgərindən kağıza yazıb göstərməklə Ceyms Rayanın harada olması barədə təxmini informasiyanın alınması məqsədyönlü axtarışa şərait yaradır. Kompas vasitəsilə istiqamət götürən dəstənin rastlaşdığı çoxsaylı cəsədlər ümidi qırsa da, yeni döyüş epizodu gərginliyi artırır. «Məqsədimiz qələbədir» deyən kapitan Con Millerin əsgərlərini əsas tapşırıqdan yayınmadan döyüşə cəlb etməsi məntiqi həllini tapır. Ölüb şişmiş inəyin arxasında gizlənən sanitarın durbinlə izlədiyi əməliyyatda yaralanan əsgərin xilası prosesi sərt audiovizual ifadələrlə həyata keçirilir. Son sözü «Ana, mən evə istəyirəm» olan əsgərin yazdığı məktubun götürülməsi və məzarını onu öldürən düşmən əsgərinə qazdırılması gərginliyi önə çəkir.
Məzar qazmağı uzatmaqla, «Yaşasın Amerika», «Hitler kaput» deməklə ölümdən xilas olmağa çalışan alman snayperinin müttəfiq qoşunları tərəfindən əsir götürüləcəyi gümanı ilə azad buraxılması dəstədəkilər arasında mübahisə doğurur. İxtisasca müəllim olan kapitanın əsirlə məşğul olmağın deyil, Rayanın axtarılmasının vacibliyini bir daha əsgərlərinə anlatması əsas dramaturji hadisəni nizamlayır. Axır ki, uğurlu təsadüf nəticəsində, gərgin döyüş məqamında tapılaraq qardaşlarının həlak olması, özünün cəbhədən geriyə çağrılması xəbəri verilən Ceyms Rayanın döyüş tapşırığını sona qədər yerinə yetirməyə qərar verməsi onun qətiyyətini, vətəndaş mövqeyini təsdiqləyir. Onun həyatı naminə iki nəfərin öldüyünü bilən Ceymsin hər bir əsgəri özünə qardaş hesab etdiyini bildirməsi vətənpərvərliyin nümunəsinə çevrilir. Zirehli texnika ilə hücuma keçmək istəyən almanları qarşılamaq üçün birgə əməliyyat planının hazırlanması qələbəyə doğru yönələn qlobal ideyanı əks etdirir. Haradansa səslənən Edit Piafın sevgilisinə həsr etdiyi mahnısının sədaları altında ağır döyüşün gözlənilməsi uğurlu sapsens yaradır. Artıq bu dünyada olmayan qardaşlarının üzlərini xatırlaya bilmədiyini kapitana söyləyən Ceymsin onlarla bağlı son xatirəni yada salması süjetlə fabulanı əlaqələndirir.
Küçə döyüşlərində
düşmənin zirehli texnikasına müqavimət göstərənlər arasında qorxaqlıq
edərək döyüşdən yayınan Amerikalı əsgərlə yanaşı, cəsarətli
Ceyms Rayanın dəfələrlə ölümlə üz-üzə gəlməsi və əvvəlki epizodda əsir
götürüləcəyi gümanı ilə azad buraxılan alman snayperçinin xüsusi
amansızlığı, yaralı kapitan Con Millerin üzərinə gələn tankı tapança
atəşi ilə məhv etməsi dramatizmi artırır və nəhayət Amerika təyyarələrinin
səmada görünməsi qələbənin təntənəsinə çevrilir. Qorxaq əsgərin
qeyrətə gələrək amansız alman snayperçisini güllələməsi son epizodlardan
keçən süjet xəttini qapayır. Özü ölüm ayağında ikən ləyaqətli əsgər
olduğunu sübuta yetirən Ceyms Rayanın xilasına görə məmnunluğunu
bildirən kapitan Con Millerin sözlərinin oğullarını itirmiş anaya
göndərilən məktubdakı Avraam Linkolnun cümlələri ilə davam etdirilməsi
rəsmi protokol mərasiminə dramaturji status verir. Ekranda tədricən
qocalan Ceyms Rayanın filmin əvvəlindəki şəhid məzarlığında yenidən
görünməsi ekran əsərinin mövcud çevrəsini tamamlayır. Məzarlığa
ailəsi ilə birgə gəldiyi məlum olan Ceyms Rayanın Con Millerin qəbri
üzərinə əyilərək: «Mən sizin tapşırdığınız kimi ləyaqətlə yaşadım»
deməsi vətəndaşın mənəvi borcunun daha ülvi olduğununun tətbiqinə
çevrilir. Və ötən əsrin faşizm kimi qlobal təhlükəsinə sinə gərənlərin
mənəvi iflas problemilə üzləşdiyinə işarə vurulur.
Avanqard.net
Digər Məqalələr
IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının qalibləri mükafatlandırılıb
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib