Aydın Dadaşov - Kinosərgüzəştin nəhəngi
21/05/2013
Ernest Xeykoksun eyniadlı hekayəsi, Dadli Nikolsla birgə yazdığı ssenari əsasında irland mühacir ailəsinin on üçüncü uşağı olub, rejissorluğa reklamçılıqdan gəlmiş Con Fordun (Şon Aloizius O`Fini), (1895-1973) çəkdiyi «Dilijans» (1939) filmi kinonun özü ilə yaşıd olan epik vestern («vest»-»qərb» sözündən meydana gəlmiş) janrındakı ən yaxşı ekran əsəri kimi klassikaya çevrilməklə tarixə düşdü. Dilijansda uzun, təhlükəli yola çıxan səkkiz nəfərin personaj fərqliliyinə baxmayaraq sonda onlardan hər birinin taleyinin dəyişməsi dramaturji modelin mükəmməlliyini təsdiqləyir.
İlk epizodda döyüşlərdən keçmiş Ceronimonun teleqraf xəttinin apaçilər tərəfindən kəsilməsi ziddiyyətin tərəflərini bəyan edir. Və Tonto Nyu-Mexikodan çıxan dlijansdakı, həkimlikdən qovulub əyyaşlığa qurşansa da, mərdlik, insanlıq göstərən Dok Bun (Tomas Mitçell), seksual macəralarına görə yerli qadınların qəzəbinə gələrək yüksək zümrə mühitini tərk etməyə məcbur edilsə də keçmiş həyatının həsrətini çəkən, atı axsadığından yolçulara qoşulan, cinayət törətmiş kavboy Rinqo Kidə (Con Ugyna) vurulan lirik təxəyüllü fahişə Dalles (Kler Trevor), özünü zadəgan kimi göstərərək süvari ərinə çatmaq istəyən hamilə xanım Lyuzin (Luiz Plett) qayğısını alicənablıqla son nəfəsə qədər çəksə də, qumarbaz kimi ifşa olunan Xetfild (Con Kirrgdin), pul dolu çantasını əlindən qoymayan qorxaq, demaqoq bankir Henri Qeytvud (Berton Çerçill), mülayim tərzdə nəsihətçilik etsə də, yeni bazara bir yeşik viski nümunəsi aparan hiyləgər tacir Pikokdan (Donald Mik) ibarət altı sərnişindən hər biri, dilijansı irəliyə qovan atları idarə edən Bak (Endi Divayn), onun yanındakı, qırmızıdərililərə nifrət edən Binkroft və nəhayət atı axsadığından yolçulara qoşulan, qanun keşikçisi olub tüfəng gəzdirən Rinqo Kid (Con Ugyna) vestern janrının imkanlarının nümayişində müstəsna rol oynayırlar. Və Arizona ilə Yuta ştatlarının arasındakı, sonralar Fordun adı ilə tanınan Manumentlər vadisinin hadisəliliyi qabardan çılpaq peyzajı fonunda film boyu atlı qırmızıdərililərin təqib etdikləri dilijansdakı sərnişinlərin ümumi təhlükəyə duruş gətirərkən fasiləsiz olaraq haldan-hala düşmələri ilə filmin arxitektonikası qurulur. Son məqamda yetişən köməklə şəhərə çatmaqla tipik vestern finalı qazanan filmdə haqq naminə cinayət törətmiş kavboy Rinqo Kidin düşmənlərinin hər üçünü məhv edərək, sevdiyi Dallesə qovuşmaq imkanı qazanması xeyirin təntənəsinə çevrilir. Və, bütöv bir tarixi mərhələ ərzində okeanlararası məsafənin qət olunmasında əsas nəqliyyat vasitəsinə çevrilmiş «Dilijans», ilkin fermer kavboy (naxırçı), igid apaçi tayfası, qanun keşikçisi şerif və ekran hadisəsinin digər canlı, cansız dastan elementləri amerikalı həyatının audiovizual həllinə çevrildi. E.N.Kartsevanın “Vestern, Janrın təkamülü” kitabında yazdığı: «Zəhlətökən müsahiblərin filmində qırmızıdərililərin atları nə üçün öldürmədiklərini Forddan daim soruşurdular: axı bu daha məntiqi olardı. Həyatda ehtimal ki, belə olurdu, dastanda da, o cür olsaydı onda dastan mövcud olmazdı» faktı ekran əsərinin Amerika tarixinin, mənəvi yaddaşının sənət ekvivalenti olduğunu təsdiqləyir.
1940-cı ildə «Dilijans» filminin «Oskar» qazanması və kömür hövzəsinin viran qalmasına, şaxtaçı ailələrinin dağılmasına üsyan edən, sahmanlı keçmişə həsrətlə dolu «Mənim vadim necə də yaşıl idi» və yenə də, sosial məzmunlu «Qəzəb salxımı» filmlərinin də rejissor həllinə görə həmin mükafata layiq görülməsi Con Fordu klassikə çevirdi. 1942-ci ildə hərbi xidmətə çağrılaraq kino çəkilişləri aparmaq üçün hərbi-dəniz qüvvələrinə cəlb olunaraq «Midueü uğrunda döyüş», «Bu bizim ümumi müharibəmiz idi», «7 dekabr» «Onları qaytarmaq mümkün olmadı» sənədli filmlərinə görə də, «Oskar» alan Con Fordun ağır xəsarət alaraq gözünü itirməsi belə sənətkarı fəaliyyətdən qoymadı. «Sakit adam» filminin rejissor həllinə görə «Oskar»a layiq görülən Con Ford ömrünün son, 1973-cü ilində də, həmin mükafatın fəxri sahibinə çevrildi.
Fransua Tryuffonun 1974-cü ildə yazdığı «İlahi özün Con Forda xeyir-dua ver!» məqaləsində «görünməz rejissor» adlandırdığı böyük təhkiyyəçinin filmlərində «tamaşaçının, dəqiq hesablanmış məsafədə qoyulub, yalnız personajla hərəkət edən kinokameranı hiss etmədiyini» vurğulayaraq «təhkiyyənin çevik və rəvan tərzini təmin edən bu üsulun yalnız Mopassan və Turgenevlə müqayisə oluna bilər» fikri ilə sənətkarın peşəkar üslubunu dəyərləndirir. «Dilijans» filmindəki fahişə Dallesin davamı olduğu, Mopassanın «Totuq» novellasının əsas personajından fərqli olaraq iflasdan xilasını təqdir edən Andre Bazenin: «Düzdür şöhrətli kavboy az-çox dərəcədə qanun qarşısında günahkar olsa da, nəticədə bu qəhrəmanlar arasındakı mənəvi izdivac mümkünlüyü yerinə düşür. Beləliklə vestern dünyasında bütün qadınlar yaxşıdırlar; pislər yalnız kişilərdir. O qədər pisdirlər ki, onların ən yaxşıları çətin sınaqlar hesabına belə, müəyyən dərəcədə öz həmcinslərinin ilkin günahlarını yumağa məcburdurlar» cümlələri Con Ford tərəfindən cilalanan janrın əsas göstəricilərindən birini səciyyələndirir.