Seymur Baycan: \"Bəziləri gündəmə gəlmək üçün Əkrəm Əylislini söyür\"
31/01/2013
Tanınmış yazıçı Əkrəm Əylisinin Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da bu yaxınlarda çap olunan “Daş yuxular” romanı ölkədə böyük səs-küyə səbəb olub. Əsər ətrafında yaranan polemikalar davam edir. Yazıçını ittiham və tənqid edənlərin də sayı durmadan artır. İttiham edənlər ordusu ilə yanaşı yazıçının tərəfində olan, ona dəstək olan şəxslər də var.
Yazıçı Seymur Baycan mövzu ilə bağlı fikirlərini bölüşüb.
Seymur Baycan bu hücumların məqsədli şəkildə edildiyini və sifariş olduğunu qeyd edib: “Ikincisi, ola bilər ki, bir çox insanların məsələdən xəbəri yoxdur. Ona görə də \"hurrey\" eləyib Əkrəm Əylislinin üzərinə hücum çəkirlər. Bunun da iki səbəbi ola bilər. Birincisi, bu, boş-bekarçılıqdan, mövzu tapmamaqdan irəli gələ bilər. Digər səbəb isə odur ki, bir çox insanlar vaxtilə ölkədə gündəmdə olublar, vətəndaş mövqeləri olub. Bu gün isə bu və ya digər səbəbdən o mövqeni itiriblər. Ona görə də yenidən gündəmə gəlmək üçün belə işlərə əl atırlar. Onların əl atdığı işlərdən biri də erməniləri söyməkdir. Bu icazəli bir söyüşdür. Hamıya da erməniləri söyməyə icazə var. Ona görə də bəzi insanlar bu məslədən sui-istifadə edirlər\".
Seymur Baycan vaxtilə Qarabağa getdiyinə görə bu cür hücumlara məruz qaldığını da xatırlatdı: \"Qarabağa gedib-gələndə məni də söyürdülər. Hər gün bu söyüş kampaniyası televiziya, radio və mətbuatda gedirdi. Amma sonra səfir, rektorlar və ziyalılar da getdi. Onda heç kim heç nə demədi. Niyə? Çünki onlar anladılar ki, gedən insanlar özbaşına gedə bilməzlər, onlar icazə alıb ora gediblər və haqq-hesablarını yaxşı bilirlər ki, harda danışmaq olar və ya danışmaq olmaz\".
Gənc yazayr Əkrəm Əylisliyə qarşı yönələn fikir və ittihamlarla razı olmadığını da deyib: \"Sözə hücum çəkmək olmaz. Amma nədənsə bu məsələni tamam başqa istiqamətə yönəltmək istəyirlər. Yazıçı bədii mətində hər şeyi yaza bilər. O, bu axımdan azaddır. Bu hər yerdə belədir. Ermənistanda da insanlar var ki, gördüklərini yazır, bədii mətinlərini ortaya qoyurlar. Orada da onlara qarşı eyni münasibət var. Ancaq bu məsələyə səbrlə və normal yanaşmaq lazımdır”. /teleqraf.com/