Avanqard

Bakı Biznes Universitetində “Qadınlar və qızlar elmdə” gününə həsr olunmuş Beynəlxalq Dəyirmi Masa

Avanqard 19/02/2026

Bakı Biznes Universitetində YUNESKO-nun təşəbbüsü ilə təsis edilmiş “Qadınlar və qızlar elmdə” gününə həsr olunmuş Beynəlxalq Dəyirmi Masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan, universitetin prorektoru h.ü.f.d. Məleykə Abbasova qadınların elm sahəsində rolunun gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, onların elmi fəaliyyətlərdə daha fəal təmsil olunması cəmiyyətin inkişafına mühüm töhfə verir.

Daha sonra “Ali riyaziyyat” kafedrasının müdiri, r.ü.f.d., dosent Könül Ömərova çıxış edərək qeyd edib ki, tədbirin əsas məqsədi elmdə qadınların rolunu ön plana çəkmək, onların nailiyyətlərini təşviq etmək və gənc qızları elmə maraq göstərməyə həvəsləndirməkdir.

Dəyirmi masada qonaqların məruzələri dinlənilib. Fil.ü.f.d. Rəfayət Əlimirzəyeva “Ailədən elmə uzanan yol: təhsil və elm qız uşaqlarının güc mənbəyi kimi” mövzusunda çıxış edib.

Türkiyədən professor Dr. Çərkəz Ağayeva “Süni intellektin müasir elmi araşdırmalarda və təhsildə rolu” mövzusunda məruzə edib.

Tədbirdə, həmçinin, Prezident təqaüdçüsü, t.ü.f.d. İradə Əlili “Zərifliyin zərafəti elmə pöhrələr verər”, t.e.d. Nigar Gözəlova “Təhsil və elm qız uşaqları üçün güc mənbəyidir”adlı mövzu ilə çıxış ediblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru, “Tərəqqi” və “Humay” Milli mükafatçısı Könül Hüseynova “Azərbaycan qadın pianoçularının musiqi sənətinə gətirdiyi yeniliklər” mövzusunda məruzə edərək fortepiano məktəbinin görkəmli xanım nümayəndələrinin yaradıcılıq istiqamətlərini, üslub xüsusiyyətlərini tədqiq edərək maraqlı qənaətləri ilə diqqət çəkmiş oldu. O, milli ifaçılıq mədəniyyətimizin dərin qatlarını araşdırmaqla çağdaş fortepiano məktəbinin hansı meyllərə  söykəndiyini təqdim edib.

Psixoloq-psixoterapevt Gülnar Həbibova Doğan isə “Təhsildə və elmdə qadına psixoloji baxış və mənlik inşası” mövzusuna toxunub. Fil.ü.f.d. Şahnaz Kamalova “Keçmişdə və bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elm və təhsil sahəsində Azərbaycan qadınlarının rolu” mövzusunda məruzə edib.

Tədbirdə həmçinin "Humanitar elmlər" kafedrasının müəllimi, fil.ü.f.d. Reyhan Dadaşova, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai və Bakı Biznes Universitetinin tələbəsi Lalə Məsimova çıxış edərək fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, qadınların elmə cəlb olunması, onların innovativ sahələrdə fəaliyyət imkanlarının genişləndirilməsi və liderlik bacarıqlarının inkişafı dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

 

Digər Məqalələr