Avanqard

"Qızıl Kəlmə” Ədəbi Mükafatının təqdimolunma mərasimi keçiriləcək

01/05/2017

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ildən etibarən, iki ildən bir olmaqla keçirilən "Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib.

Ənənəyə uyğun olaraq, ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində təqdimatı baş tutan sayca beşinci "Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və cari ilin 10 aprel tarixində başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər "Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən "Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2017-ci il üzrə "Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

 

Nəsr əsərləri nominasiyası üzrə

Sona Vəliyeva. "İşığa gedən yol” kitabı

Vaqif Nəsib "Sənsizlik, mənsizlik, onsuzluq” romanı

Əkrəm Qaflanoğlu. "Talelər kəsişəndə” kitabı

 

Poeziya əsərləri nominasiyası üzrə

Firuzə Məmmədli. "Seçilmiş əsərləri” kitabı

Vaqif Bayatlı Odər. "Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

 

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə

Bəsti Əlibəyli. "İkinci mətn” kitabı

Nərgiz Cabbarlı. "Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

 

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası

Əyyub Qiyas. Svetlana Aleksiyeviçin "Müharibənin qadın olmayan üzü” romanı

Fərid Hüseyn. Orxan Kamalın "Nazim Hikmətlə 3 il yarım” əsəri

 

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Zahid Xəlil. "Ağ leyləklər” kitabı

Qəşəm Nəcəfzadə. "Çiçəkli xalça” kitabı

 

"Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində "Şans” ödülü

Mirmehdi Ağaoğlu. "Alman malı” kitabı

Şəhriyar del Gerani. "Darıxmağın adı” kitabı

 
Mükafatın təqdimatı 01 may 2017-ci il tarixində, saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

Digər Məqalələr