Avanqard

Raqif  Raufoğlu - Büt!

28/01/2013

Bu uğursuz büt neçə illərdir ki, onun evində idi. Onun haqqında heç yerdə danışmaq olmazdı. Onu atmaq da mümkün deyildi. Çünki, büt onu yaratmışdı, ona həyat vermişdi, ən əsası isə onu bu günə gətirib çıxartmışdı. O, hər şeyini həmin bu bütə borclu idi. Hər gün evə gəlib sakit-sakit çörəyini yeyə-yeyə onunla söhbət edirdi. Büt heç nəyə cavab vermirdi. Diqqətlə, müdrik-müdrik ona baxıb susurdu.O da öz-özünə düşünüb, daşınıb qərarlarını verirdi. Büt ancaq qaydaları müəyyən eləmişdi. Mütləq bu ölkədə yaşamalısan, bu cür düşünməlisən, filan-filan mərhələlərdən keçməlisən, hər gün bu cür işə gedib gəlməlisən, bu cür evlənməlisən, ayda bu qədər toya getməlisən, bu cür ölməlisən, və.s.

Bu ölkədə yaşamağın şərtləri adamların üzündə yazılmışdı: İlkin ödəniş 500-600 manat, ayda cəmi iki-üç toy, sərfəli kreditlər, müvəqqəti narahatlıq, üzrxahlıq, ən pis günün belə olsun, görək də, inşallah, çox şükür, yaxşı olacaq, belə getməz, ac qulağım, dinc qulağım, Allah rəhmət eləsin, namus, vətən, axır qəmin olsun, bayram, fişəng, təbrik... vəssalam.

Büt istəsə də heç nəyi dəyişdirə bilməzdi. Artıq öz işini görmüşdü. O isə nəsə eləmək, bu çərçivələrdən çıxmaq istəyirdi. Küçədə adamların bir-birinə verdiyi suallar da eyni idi. Kreditini vermisən?, toya nə qədər pul salacaqsan?, sən nə vaxt evlənirsən?, nə vaxt görüşüb oturaq?, maaşın hələ artmayıb?, ərə getdi o?, aaz evləri plana düşmədi?, falçı bilirsən nə dedi?..

Bu ölkədə hamı öz bütünü seçmişdi, amma heç kim onlarla danışa bilmirdi. Bunun bir çıxış yolu var idi – məktub yazmaq. Hamı bütə məktub yazırdı, amma hər yüz min məktubdan birinə cavab gələrdi. Lotoreya kimi. Ona görə daha bütə məktub yazan yox idi. Hamı oyunlara pul yazdırırdı. Bunun cavabı daha tez gəlirdi.

Onun qayğıları çoxaldıqca, evdəki bütə baxışları da sərtləşirdi. Büt isə müqəddəs olduğuna görə əlindən heç nə gəlmirdi. Ancaq otağına çəkilib sakit-sakit ağlayırdı. Hər şeyini satmışdı. Nə qədər əlləşşib-vuruşsa da heç bir uğur qazana bilmirdi. Elə bilirdi ki, hər şeyin günahkarı bütdür. Əslində bu hiddət çox adamın içində var idi, amma heç kim heç kimə öz bütündən danışa bilmirdi. Hamı fikirləşirdi ki, yəqin bu ancaq ondadır. Beləcə, gələcəyin bütləri yavaş-yavaş yetişirdi...


Avanqard.net

Digər Məqalələr