Raqif Raufoğlu - Azadlıq!
21/11/2012
Günlərin birində həbsxana rəhbərliyi qərara gəldi ki, dustaqlardan birinə azadlıq versin. Azadlığı isə ona ən çox layiq olan qazanmalı idi. Beləliklə müsabiqəyə start verildi. Elan edildi ki, kim yaxşı susmağı bacarsa azadlığı da o qazanacaq. Xüsusi baxış başladı. Dustaqların hərəsi bir cürə susmuşdu. Azadlıq üçün hamı susmağa hazır idi. Amma onların çoxuna baxanda hiss olunurdu ki, bunlar yalandan susublar. Elə üzlərindən-gözlərindən bilinir ki, bu dəqiqə danışmaq üçün bir himə bənddilər. Deyiləcək çox sözləri var. Amma azadlıq belə boş-boş danışıqlara görə verilməməli idi. Üstəlik, bu danışan adamlar azadlıqda çox problemlər yarada bilərdilər. Azadlıq üçün çox çılğın, inqilabi şəkildə susmaq lazım idi. Dustaqların çoxunda isə bu yox idi. Uzun axtarışdan sonra axır ki, gözə dəyən bir nəfər tapıldı. Aralarında olan bir nəfər xüsusilə susmuşdu. Ona baxanda hiss olunurdu ki, bu yazığa nə eləyirsəndə elə, səsini də çıxaran deyil. Özü də ömrünün 35 ilini bu dörd divar arasında keçirib. Saçları ağarıb, dişləri tökülüb, beli bükülüb. Danışmağa halı da qalmayıb. Bəli, deməli azadlıq hamıdan çox onun haqqıdır. Qocanı qabağa çıxarıb təntənəli şəkildə təbrik edəndən sonra onu həbsxandan azad elədilər. Qoca ağır addımlarla həbsxanadan çıxdı. Birtəhər yolu keçəndən sonra sonuncu pulunu taksiyə verib xahiş elədi ki, onu Azadlıq meydanına aparsın. Qocaya təəccüblə baxan taksi sürücüsü onu istədiyi yerə gətirib dərhal da oradan uzaqlaşdı. Meydan olduqca sakit idi. Qoca üzü dənizə tərəf dayanıb dərin bir nəfəs aldı. Hər şey dəyişilmişdi. 35 il... Böyük bir zaman... Kimə görə? Nəyə görə?..
Avanqard.net
Digər Məqalələr
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə