Nurəddin Ədiloğlu - Danışan tabutlar
12/05/2015
... Yayın ilk günü mənim üçün şad xəbərlə də başlaya bilərdi. Lap elə zəng edib deyərdilər ki, böyük bacının oğlu Ceyhunun toyudur, durma gəl! Ya da gözün aydın olsun, ortancıl bacının oğlu Qaraşı azadlığa buraxıblar!.. Amma üzüdönüklükdə və zalımlıqda ad çıxarmış çərxi fələk mənimlə çoxdan kəc düşmüşdü, elə öz saydığını sayırdı. Ona görə də bəd xəbərlərə daha öyrəncəliydim. Ürəyimə dammışdı ki, on ildən çox Rusiyada yaşayan bacım oğlu Ceyhun da bəzi dəliqanlı yaşıdları kimi öz əcəli ilə ölmək üçün doğulmayıb!
Quş təki qanad açıb uzaqlara gedən belə gənclər elə bil canlarını Tanrının ölüm mələklərinə hədiyyə etməkçün aparmışdılar. Ona görə də tabutları göy üzüylə dönürdü qürbətdən vətənə. İllah da ki, Ceyhun boy-buxununda, görkəmində olanları mələklər əziz-girami balası təki sevib əzizləyirdilər. Düzdür, Mələklərin övladı olmur. Bəlkə elə ona görə də övlad kimi əzizləyib oxşadıqları Ceyhunu doğma anasından belə erkən ayırdılar; quş tək ağuşlarına alıb göyə -Tanrının dərgahına tapardılar. Görəsən öz vəzifə borcunu vaxtından qabaq yerinə yetirən ölüm mələyi Tanrının hansı mükafatına layiq görülür? Axı, ömrü yarımçıq qalan bu gənclərin ata-analarını, bacı-qardaşlarını, sevgilisini gözü yaşlı qoyan ölüm mələyinin nəyinə gərəkdi belə mükafat?
Qəlbimi ağır nisgil bürümüşdü. İnsan həyatının faniliyi barədə düşüncələrim içimə pessimizm ab-havası doldurmuşdu. Göy üzündə buludların da rəngi ağarmışdı. Qürub günəşi üfüqə ağ bayraq kimi cancılmı.dı… Ceyhunun tabutunu gətirən təyyarə içinə qüssə çökmüş doğma vətən səmasından pərişanlıqla yerə enirdi. Gözləmə zalında doğmalarını qarşılamağa gələnlərin əlində gül-çiçək dəstələri ötən bahar çağının insanlara bəxş etdiyi tükənməz sevgidən, arzu-istəklərdən soraq verirdi. Burada elə o gül-çiçək rəngli cib yaylıqları ilə gözlərinin yaşını silənlər də az deyildi. Bu, sevinc yaşlarına bənzəmirdi. Görünür tabut qarşılamağa gələn təkcə biz deyildik. Təyyarədən endirilən iki tabutu yük anbarına apardılar. Amma anbarın həyətində başqa tabutlar da vardı, onları şimal istiqamətindən Bakıya gələn təyyarələr gətirmişdi. Mən Ceyhunun tabutuna baxa-baxa bacımı düşünürdüm. Oğlunun ölümündən xəbərsiz olan bacım indi yəqin ki, əkib-becərdiyi bostanı sulayırdı. Neçə vaxt idi ki, Ceyhunla Coşquna yemiş-qarpız payı ayırıb, həsrətlə yollarını gözləyirdi. Bəlkə də bacım günün bu vədəsi ən çox da Ceyhunu qınayırdı: "Ay saqqalı ağarmış, harda qaldın gəl çıx də! Axı, sənin toy-düyünün olacaq..."
Fikirlər ürəyimi yun kimi didirdi. İndi Ceyhunun ölüm xəbərini bacıma necə verim...
Yük anbarının işçilərindən biri mənim bərk kövrəldiyimi görüb, başqa bir tabutu göstərib dilləndi:
- Üçüncü gündür ki, burdadır, hələ də dalınca gələn yoxdur!..
Bəlkə düşünürdü ki, bu sözlər mənə təsəlli olacaq, əksinə, daha da kövrəlib ağladım. Mənə bir anlıq elə gəldi ki, unudulmuş tabut söhbətin onun haqqında getdiyini duyub dillənəcək. Burada nəyə görə yubanmağının səbəbini deyəsən, yalnız özü bilirdi. Tabutun üstündə soyadı və göndərildiyi ünvan yazılmışdı. Oxumağa macal tapmamış kimsə əlini çiynimə qoyub xırıltılı səslə dedi:
- Başın sağ olsun, adaş! - Bu sözləri deyən hündürboylu, sapsağlam vücudlu kişinin əlləri də tabut qədər ağır idi. O, Ceyhunun tabutu ilə birlikdə gətirilən təzə tabutdakı cavan adamın əmisi olduğunu bildirdi:
- Mən qardaşım oğlunun qatilini tanıyıram. Əslimiz Göyçaydan olsa da, onu burada Zabratda dəfn edib, qayıdacağam öldürüldüyü o Xabarovsk xaraba qalmışa, qisasını almamış geri qayıtmayacağam!..
O, sual yağan gözlərini mənə zillədi. Elə bil uzaq Xabarovskdan Azərbaycana növbəti tabut göndərmək üçün özünə ortaq axtarırdı. Mən anbarın həyətindəki tabutları bir-bir ona göstərib dedim:
- Bəlkə bu cavanların qatilləri heç o qədər də uzaqda deyil. Mənə adaş deyən kişi çaşdı, deyəsən nə demək istədiyimi anlamamışdı. Axı, onlar ölmək üçün deyil, cavan yaşlarında insan kimi yaşamağa getmişdilər ora, - dedim.
Hava limanında tabut daşımağa vərdiş eləmiş təcili yardım maşınlarının sürücüləri hər ikimizə müştəri gözü ilə baxıb, qımışırdılar. Sonra ortaya qəribə sakitlik çökdü. Ancaq mənə elə gəlirdi ki, o səssizlikdə təkcə tabutlar danışırdı:
"Kimsə burada qatillərdən söz saldı. Hə, hə, əslində bizim qatillərimiz burada - vətən, xalq, ədalət deyə-deyə vəzifə kürsüsünə dırmaşanlardı" - deyə tabutlardan biri təəssüflə bildirirdi, - vaxtilə bizim kimi gənclərin işlədiyi fabrik, zavodları hərraca qoyub dağıdanlardı mənim qatilim!.. Axı mən Qarabağa göz dikən düşmənlə döyüşlərdə ağır yaralanmışdım. Atəşkəsdən sonra iş üçün ağız açmadığım idarə, təşkilat qalmamışdı. İngilis, amerikan, türk, fransız millətlərindən olan daş qəlbli patronlar öz doğma vətənimdə mənə iş vermədilər. Özümüzünkülərsə vicdanları ilə alver edirdilər. Neft daşlarında sıravi fəhlə işləmək üçün məndən 1500 dollar istədilər. O 1500 dolları qazanmaq üçün Rusiyaya üz tutdum. Axırım da belə oldu... Axı mən burada özümü dolandırmağa bir iş tapsaydım, Rusiyanın o ucqar şəhərində nə ölüm axtarırdım?!
İKİNCİ TABUT:"Siz bu dünyanın ən bəxtəvər ölüsüsünüz, xoş olsun o biri dünyadakı halınıza! Sizi heç olmasa torpağa tapşırmaq üçüın aparmağa gəliblər. Amma üç gündür ki, burdayam. Məni iyirmi gün əvvəl qədim bir rus şəhərinin bazarında başıqırxıq, gözüqızmış yeni faşist ruhlu cavanlar öldürdülər.Kəndimizə teleqram da göndərilib. Ailəmizdə yeganə işləyən, pul qazanan mən idim. Qətlə yetirildiyim şəhərdə biz azərilərin sayı yerli əhalinin sayını ötüb-keçirdi. Odur ki, şəhərin qubernatoru qərar vermişdi ki, bizi fabrik-zavodlarda işə qəbul etməsinlər. Mən də alver eləməyə başladım. Qazancıma o qədər şərik çıxanlar tapılırdı ki, heç son zamanlar evə əməlli-başlı pul da yola sala bilmirdim".
ÜÇÜNCÜ TABUT; "Eh rəhmətlik, bəs sən bilmirsən ki, indi hər yerin öz Möhür xanı var? Mən də burda öz doğma Möhür xanəmıza pul verməkdən boğaza yığılmışdım. Düzü, mən sizin kimi Qarabağda vuruşmamışam. Ancaq ağlım kəsəndən bilirdim ki, düşmən deyilən tayfanın adamları dünyanın hər guşəsində Dağlıq Qarabağ uğrunda ədalətsiz də olsa savaş aparır. Düşündüm ki, dünyaya səpələnən hər beş-on azər övladı bir erməni dəğasını zavala gətirsə, onda torpaqlarımıza tamah salan düşmənin toxumu kəsilər ki... Mən də eləmədim tənbəllik, bir-iki terrorçu daşnakın qulağını çərtib, cəzalandırdım. Amma nə faydası, ey mənim axirət yoldaşlarım. Yad millətin qanun keşikçisi mənə aman verdi. Dedi sənin bu cinayət əməlin daşnak cəlladlarının Xocalıda törətdiyi orta əsr vəhşiliyinin yanında nədir ki?!. Get yaşa!.. Əcəb yaşadım! Vay özümüzünkülərin əlindən - axtarış verib məni tapdılar. Mənə dedilər ki, bəyəm sən Allahın bacısı oğlusan? Niyə Rusiya bazarlarında eldiyin bu qəhrəmanlığı gedib Qarabağda göstərmədin? Dedim əstəğfurullah, mən Allahın bacısı oğlu deyiləm, hələ üstəlik nə nazir oğluyam, nə də deputat-zad qohumum var. Heç məmləkətimizin hərraca qoyulan əmlakından nəslimizə bir tikə də pay düşməyib. Bir halda ki, vətənin sərvətini yeyib şişən nazirlərin oğlu Qarabağın yolunu tanımır, mənim müharibəmin kimə, nəyə xeyri olacaq ki? Müharibədə yurdun, daşı da, göydə uçan quşu da savaşmasa, kasıbı canıyla, varlısi malıyla-puluyla vuruşmasa… ondan nə qələbə ummaq olar? Dedilər, məsələ burasındadır ki, sən də neçə ildir, Rusiyada pul qazanırsan, ver, canını qurtar! Bax, beləcə qardaşlar, düz on il mən öz doğma ölkəmin vətəndaşı olmağa çalışdım. Bir ətək pul verib aldığım pasportun möhürünün mürəkkəbi qurumamış, gör başıma nə iş gəldi. Heç olmasa, sənədsiz-filansız düzü-dünyanı gəzib, dolaşırdım. Sən demə sənəd adamın ünvanını ölümə nişan verən tələdən savayı bir .ey deyilmiş... Heyif verdiyim o pullara... hələ verdiyim qonaqlığın ləzzəti Möhür xanın qursağından çəkilməyib! O pulları özümə toy eləmək üçün yığmışdım... Görünür, bu ölkədə Möhür xan kimi nadürüstlərin qursağı dolsun deyə hələ bizim kimi çox oğulların anası ağlar qalmalıdır".
Sonra tabutlar bir-birilə vidalaşdı "O dünyada görüşənədək!" - dedilər. Tabutları aparan təcili yardım maşınları hava limanından uzaqlaşdılar.
***
Ceyhunun tabutunu aparan maşının pəncərəsindən dalğaları şahə qalxan dəniz görünürdü. Şüşəni döyəcləyən Bakı küləyi elə bil Kərbəla çölündə şəhid olanlara həsr edilmiş qəmli bir mərsiyəni pıçıldayırdı.
... Uşaq vaxtı Ceyhun beşiyi xoşlamazdı. Bacısı Günəş, qardaşı Ruslan körpə ikən xəstəlikdən ölmüşdülər. Ceyhun da balaca beşiyi ölən körpələrin məzarına oxşatmışdı. Həmişə anasının qucağında yuxuya gedərdi. Beşiyə qoyan kimi oyanaıb, ağlayardı... Dilli-dilavər Ceyhun indi tabutun içində lal-dinməz uzanmışdı. Yollar maşını da, maşının içərisindəki tabutu da beşik kimi yırğalayırdı. Mən tabutuna baxa-baxa, onun ayaqyalın isti qumların üstündə həyət-bacada oynadığı günləri xatırlayırdım. Ceyhun o qumların üstündə oynaya-oynaya boya-başa çatıb, pəhləvan cüssəli gənc olmuşdu. O qumlar sanki onun ayaqlarına yapışıb, bütün dünyanı gəzib dolaşmışdı. Bəlkə o qumlar indi tabutun içində, əbədi yuxuya getmiş Ceyhunun ayaqlarından qopmamışdılar. Qulağıma Ceyhunun səsi gəldi:
Yerim Qumlu Bazıdı,
Haqdan gələn yazıdı,
Dünyaya gələn gündən,
Fələk, qəbrim qazıdı...
Qumlu Bazı kəndimizdəki qəbiristanlığın köhnə adıdır. Qədim zamanlarda dənizin ləpədöyəni hündür təpəlik olub. İki əsrdən çox idi ölülər Qumlu Bazıda torpağa tapşırılırdı. Son on ildə Bazıda cavan məzarları xeyli artmışdı. Analar cavan oğullarının məzarlarını qırmızı parçalara bürüyürdülər. O alqırmızı parçaları oğullarının bəy otaqlarını bəzəmək üçün toy xonçasında saxlamışdı analar... Qumlu Bazıda qürbətdə qətlə yetirilənlərin məzarlarının sayı vətən uğrunda şəhid olan gənclərim məzarından iki dəfə çox idi. Hələ qürbətdə ömünü başa vurub, kəfənsiz –qusulsuz ölənləri demirəm. Qübətdə şah olsalar da onların məzarlaı ana-bacılarının acı göz yaçları ilə islanmamışdı.
Anasını oğul toyuna həsrət qoyan Ceyhunun nakam taleyinə isə sanki göydə mələklər də yas saxlamışdı. Tabutu üstü göz yaşlarından islanmışdı. Hərdən mənə elə gəlirdi ki, o hələ də adına QÜRBƏT deyilən uzaq yerdədir, nə vaxtsa sağ-salamat geri dönəcək! Ancaq Aydın əminin telefon zəngi mənim gümanımı parça-parça etdi: "İndi hardasınız? Biz hazırlığımızı görüb qurtarmışıq. (Yəni Ceyhunun qəbirini qazmışıq)... Sizi gözləyirik".
Dəhşət idi. Yol mənə uzun görünürdü, yoxsa pəhləvan Ceyhunun tabutunu aparan maşının gücü tükənmişdi. Əmimlə danışanda mənə elə gəldi ki, əlimi uzatsam kəndə çatar. Toy toğlusunun burma buynuzu kimi qıvrılan ilğımlı yollarsa uzandıqca uzanırdı. Dümyanın ən uzun qürub çağıydı o gün! Bacımgilin həyət-bacası gözlərimdə canlandı: İlahi, ora qürbətdə cavan oğlu, əri, qardaşı ölən nə çox məsum-çarəsiz və çöhrələri yaslı qarapaltarlı qadın yığışıb!
Mənim Arzu bacım indi hər şeydən agah idi. Dönüb bostanda Ceyhunun adına saxladığı yemişlərə baxıb, nalə çəkirdi:
Bostanda tağım ağlar,
Susuz yarpağım ağlar,
Sağam özüm ağlaram,
Ölləm torpağım ağlar.
... Sonra uğultulu buğanaq qalxdı. Külək çöl-bayırın barını-bərəkətini sanki göyə sovuracaqdı. Kənd yolundan qum dənəcikləri havaya qalxıb, Qumlu Bazıya sarı gedirdi. O qumlar külək toxtadıqca təzə qazılmış məzara düşürdü. O qum dənəcikləri hər gəlişində Ceyhunun ayağına döşənərdilər. O qum dənəcikləri uşaq vaxtından Ceyhunun ayaq izlərini öpüb-oxşamışdılar. İndi sanki ölüm xəbərini eşidib özlərini Ceyhundan qabaq dəfn eləyirdilər.
... Yolda bəzəkli-düzəkli gəlin maşınları görünürdü. Toy havası üstündə köklənmiş adamlar təcili yardım maşınındakı tabutdan xəbərsiz idilər. O tabutdakı cavanın da bir yay axşamı toyu olacaqdı. Gəlin aparan o bəzəkli-düzəkli maşınlardan biri də Arzu bacımın həyətinə dönəcəkdi... "Bəy otağı görməyən Ceyhunum lay-lay". Bacımın səsi uzaqdan qulağıma düşmüşdü. O səs mənim kimi Ceyhunu da təşvişə salmışdı sanki.
"Dayı, anamdan muğayat olun!.." - deyə dilləndi tabutdan.
Mən bu an nə edəcəyimi düşünürdüm. Yolun kənarındakı yarımçıq biçilmiş zəminin içində sınıb, xarab olmuş kombaynın sahibi də qaşqabağını tökmüşdü. İndi bəlkə o da özünü dünyanın ən bədbəxt adamı sanırdı. O, bəlkə də bilmirdi ki, dünyada ən ağır iş anasının üstünə cavan oğlunun tabutunu aparmaqdı. Kəndin girəcəyində tənha bir qoca əl ağacına söykənib yaxınlığında əylənib-gülən cavanlara baxırdı. İndi öz cavanlıq çağını xatırlayan o əldən düşmüş qoca da yəqin ölüm barədə heç düşünmürdü.
***
…Bacımgilin hüznlə dolu həyətində izdihamı görəndə təcili yardım maşınının sürücüsü həyəcanlandı:
- Müəllim maşın təzədir, bəzən dərd insanları həddindən çıxarır, ələlxüsus da qadınları. Qəzəblərini tabut gətirən maşına tökürlər. Hətta özümü də bir dəfə möhkəm əzişdiriblər. Deyirəm, necə olsa, sizi eşidərlər!..
- Narahat olma! - dedim. Ancaq onun keçirdiyi təlaş hissi ötüb-keçmədi.
"Dayı, anamdan ehtiyatlı ol, özünü maşının altına atar!.."
Ceyhun son dəfə tabutun içindən dilləndi.
- Ceyhun gəlir, Ceyhun gəlir! - xəbər gedib kəndin hər guşəsinə çatmışdı. Hər dəfə Ceyhundan şax rus pulu göy ABŞ dolları rüşfət alan Möhür xan da idarədə oturub əllərini ovuşdururdu:
- Ay can, ay can, bu ilki kurort pulum da düzəldi. Qoy zəng edib bir cüt putyovka sifariş edim... Birini özümə, birini də cananıma…
- İştahına qoz halvası! Ay əbləhin biri əbləh, bu dəfə Ceyhunun özü yox e, tabutu gəlir!.. Bunu deyən hər kim idisə Möhür xanın başına çırtma vurdu. Möhür xan əsəbləşıb dedi:
- Eh, bədbəxt adamsan, heç vaxt məmurluğun, möhürün ləzzətini bilməyibsən. Ona görə ağzını qoyubsan köndələn yerdə. Nə olsun ki, ölüsü gəlir? Rusiyadan gələn ölülərin biri sənin kimi burdakı yüz diriyə bərabərdir. Sən burdan-bura seçkiyə gəlməyəndə onlar gəlir, həm də biz istəyən namizədə səs verirlər. Hələ başqa haqq-hesablarımızı demirəm...
... Ceyhungilin həyətindən ucalan vay-şivən səsi onun sözlərini eşidilməz etdi. Yay günəşi qüruba enirdi. Ceyhunun balzamlaşdırılmış meyidini tabutdan çıxarıb, yuyucuxanaya apardılar. Kimsə heyrətlə:
- Elə bil indi hərəkətə gəlib, əməlli-başlı danışacaq!-dedi. Ölüyuyanlardan ən yaşlısı onun sözünə güc verdi:
- Hə, elə bil heç ölməyib. Dərin yuxuya gedib, bədəni də gül kimi, tər-təmizdir. Bircə başının arxasında güllənin açdığı kiçik dəlik var…
Sonra həyət-bacaya sığmayan ağlaşma səsindən Ceyhun da sanki yuxudan oyandı:
"- Hə, indicə ayağa qalxacağam. Axı mənim tabutuma heç kimin gücü çatmaz. Özüm öz çiynimə götürüb, məzarıma aparacağam..."
Ceyhunun xəyalı get-gedə uəriyib isti yay axşamına qarışdı.
…Mollanın oxuduğu "Ərrəhman" surəsinin sədaları altında tabut yırğalana-yırğalana gecəylə Qumlu Bazıya sarı yol aldı.
22.06.2004.