Narıngül - Nəhəng adam
13/05/2013
Esse
– Kimin növbəsidir?
Səs uzaq məchulluqdan, sonu görünməyən boşluqdan gəlir. Key-key irəliyə boylanıram. Gözləri qayır-qayır qaynayan, güclü və özünə inamlı görünən, qıvrım saçlı, qarayanız kişi üzümə gülümsünür. Təbəssümü o qədər dərin və anlaşılmazdır ki, məni vahimə bürüyür. O, böyük insan kütləsi içərisindən yalnız məni seçir, sanki güclü bir maqnit dalğası onun bütün diqqətini uzun növbənin sonunu gözləməkdən şil-küt olmuş, yorğun adamların çiyni üzərindən mənə tərəf yönəldir. Bunu gözləmirəm, qeyri-ixtiyari başımı qaldırıb gözlərinin içinə baxıram. Mənə tamamilə yad olan bu kişinin dibi görünməyən məchul gözlərində ani olaraq özümü seyr edirəm. Bu mənəm: üz -gözündən yorğunluq və çaşqınlıq yağan, solğun bənizli, uzun qara saçları pərişan şəkildə çiynlərinə tökülmüş, zərif görkəmli qadın. Nə isə mızıldanıram və adi qadın instinkti ilə anlayıram ki, bu adam məndən əl çəkməyəcək. O, məni üşəndirir, təsirdən qurtulmağa çalışıram.
Gözlərimi divardan asılmış, bəlkə də çoxdan yaddan çıxıb qalmış və daha heç kimə gərək olmayan, insanları texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağıran köhnə plakata zilləyirəm.
Bu anda mən göydən asılmışam. Keçib gəldiyim yollar yenidən qayıtmaq üçün yaramır. Ortada o qədər xoşagəlməz şeylər var ki... Elə şeylər ki, onları yoluna qoymaq üçün böyük bir zaman, uzun bir təkamül yolu gərəkdir. Gözlərimi yumub ruhumun harda qərar tutduğunu, ağlımın, hisslərimin hansı istiqamətə hərəkət etdiyini dərk etməyə çalışıram. Ən əsası isə, mən ümidimi itirmişəm. Həyat ümid və istəklərdən başqa bir şey deyilmiş.
Növbədəki adamlar tamamilə laqeyddirlər, mürgülü gözləriylə bir nöqtəni qaralayıblar, növbədə dayanandan daha çox keşik çəkənə bənzəyirlər.
– Gözləməyə dəyməz çətin ki, sənə növbə çata.
Səs bu dəfə lap yaxından gəlir. Onun varlığını bir addımlıqda hiss edirəm, bir qədər vahimələnirəm. Mənə elə gəlir ki, gözlərinin dərinliyində hiyləgərlik gizlənib bu adamın. Bəlkə də elə deyil, sadəcə mən belə hiss edirəm. Qürurunu, hökm sahibi olduğunu məharətlə ört-basdır etməyə çalışan adama oxşayır. Deməli, səhvlərini dərk etmədən özünə bəraət verən adamlardandır, belə adamlar, adətən, kənardakı adamları özlərinə tabe etməyi xoşlayırlar.
Hər şey cəhənnəmə, axı nə istəyir bu, məndən?
Özümü qətiyyətlə inandırmağa çalışıram ki, onun mənə heç bir dəxli yoxdur. “Qoy gedib öz işləri ilə məşğul olsun”. Uzun saçlarımı laqeydcəsinə əl barmaqlarımın ucuyla darayıram. Üzümə etinasız ifadə verib gözlərimi qarşıdakı adamın dabanlarına zilləyirəm, o da eyni qaydada özündən irəlidəki adamın ayaqlarının altını gözləriylə nişan alıb.Yorulmadan beynimi qurdalayır, reallıq axtarıram. Keçmişə boylandıqca həyatımın səhvlər üzərində qurulması mənim son qənaətim olur. Mən indimi keçmişimin üzərində qurmağa, keçmişimlə ayarlamağa çalışıram, indimə gecikirəm. Daha doğrusu, zamanla problemim var, indimə sahib çıxa bilmirəm. Amma insanlar belə deyillər. İnsanlar məndən fərqli olaraq, yaxşı şeylərin dəyərini bilir, qiymətli olanları seçirlər.
Üzümə güclü qasırğa küləyinin xəfif dalğası toxunur.
– Mən sənə kömək edərəm. Mənsiz heç nə edə biməyəcəksən, gücün çatmayacaq. Zaman səni sürükləyir. Zamanı sındırmaq gərəkdir.
O, məni özümdən çıxardır, eyni zamanda hiss etdirmədən sırf qadın xislətimlə onu izləməyə başlayıram. Mühafizəkarlığım və qorxaqlığım bir qədər də maraqla əvəz olunur. Uzaqdan səs eşidirəm. Bəlkə də, beynimin, yaxud ürəyimin hansısa qatından gələn intuitiv səsdir: “Bu nəhəng adamdır, ondan qorxma. Bu indiki zamandır, indiki zaman həm də şans zamanıdır. Şans zamanı... O, sənə kömək edəcək”- Var gücümlə səsə tabe olmamağa çalışıram. Hisslərim bütün vücudum boyu etirazla geriyə dartınır. Səs elə hey üyüdüb tökür: - “Onun əlləri böyükdür, vahiməlidir, amma sığınacaqdır, müdafiə yeridir. Sən onun əllərindən tutmalısan, göylərdən asılmış ruhunu xilas etmək üçün, fırtınalı dənizlərin dibində boğulmamaq üçün”.
Gücümü toplayıb səsdən xilas olmağa çalışıram.
O, gözlərini mənim üzümə zilləyib, elə bil orada çoxdan axtardığı hansısa qiymətli bir itkisini tapmağa çalışır. Hiss edirəm ki, məni rahatlıqla oxuyur, çünki mən də onu oxumağı bacarıram.
Nəhəng adam bir addım da irəli gəlir, mərhəmətlə gülümsünür. Təbəssümündə rinqdə qalib gəlmiş adamın lovğalığı var. Eqoist və tədbirli adama oxşayır. Bəlkə də, məqsədinə çatmasa ölə bilər...
Adam ürəyindən keçənləri gözləri ilə diqtə edir: - “Mən reallıqdan gəlmişəm, sənin baş vura bilmədiyin yerlərdən. Mən işıqda baş verənləri yaxşı dərk edirəm. Səninlə divarın o biri üzündəki adamlar arasında əlaqə yaradacaq, səni işığa aparacağam. Sən da onlar kimi olacaqsan. Özünə güvənəcək, həyatda real olanları axtaracaqsan. Sənə ehtiyacım var”. Heç bir düşüncəyə, sorğu-suala yol vermədən inanıram. Bəzən nəhəng adamların da kiçik adamlara ehtiyacı olur, nəhənglər də kiçik ola bilməməyin əzabını çəkirlər. Bu an mənim çarəsizliyim onun xoşbəxtliyi, məğlubiyyətim onun qələbəsidir. Bu həyat dialektikasıdır, metafizikanın inkişaf qanunudur.
O, bir söz demədən və gözlərini üzümdən çəkmədən, qalib addımlarla mənə yaxınlaşır, əlini mənə uzadır. Əlləri böyük və sehrlidir.
Mən bu an aciz və xoşbəxtəm. Dayanmadan hisslərimlə onu ölçürəm. O, mənim hisslərimlə bir boydadır və bundan artığını düşünmək istəmirəm. Dalğa-dalğa artan həyəcan və qorxunun içərisindən sivrilib çıxan intuitiv səs məni ona doğru sürükləyir.
Gözlərimi qarşıdakı çəpgöz pəncərəli binaya zilləmişəm. Zaman irəliyə doğru dartınır. Mən daha zamandan yapışmalıyam. Yorulub usanmadan irəliyə doğru getməliyəm. Ruhumun hərəkətini izləyirəm. Boğulmaqda olan ruhum sonuncu dəfə öz inadkarlığını edir, ağlıma təslim olur. Bu zaman güclü iradəm mənə mane olmağa çalışır. Mənim iradəm, həm də inadkarlığımdır, ağlıma itayətsizliyimdir. Ancaq sonucda o da dəfedilməz deyil, məğlub olandır.
Əllərimi ona uzadıram. Əllərim onun əllərinin içində görünməz olur, nəhəng adamın üzü işıqlanır, əlləri sıxılır.
O, məni uzun və sonu görünməyən insan növbəsindən kənara çıxardır. Biz hay-küylü, uzun və sonu görünməyən yola çıxırıq.
Bayırda hava çox gözəldir. Dünyanın sakit və xətərsiz, günəşli, mərhəmətli bir günüdür. Havadan zərif yasəmən ətri gəlir.
Ürəyimin döyüntüsünü eşidirəm. Ürəyimin döyüntüsü addım səslərimə qarışaraq irəlidə uzanan küçəyə yayılır. Mən gələcəyə gedirəm, məchulluğu dəf edəcəyəm. Bu mənim beynimin çoxsaylı qatlarının, düşüncəmin və idrakımın ənginliklərinin mənə təlqin etdiyi naməlum yoldur. Mənim başqa yolum yoxdur. Bu yolda qorxu, həyəcan, səhv etmə ehtimalı var. Amma bu, həyat yolu, dirilik yoludur. Həyatda hər şey mümkündür.
Yolboyu məchullluqdan gələn səs qulağıma pıçıldayır: “Qorxma bu, o adamdır. İndindən qorxma, yoxsa, keçmişin olmayacaq”.
Başımı qaldırıb göyün üzünə baxıram. Göyün ortasında günəş mərhəmətlə gülümsünür. Yanağım aşağı yuvarlanan bir damla göz yaşını barmaqlarımın ucuyla silərək gülümsünürəm.
Havadan gələn xəfif yasəmən ətri bir qədər sonra burulub səmtini itirən küçə ilə bərabər yoxa çıxır.
Avanqard.net