Avanqard

Mövlud Mövlud - Əlvida, Tofiq abi!

12/03/2014

Tofiq Abdin vəfat etdi...

Onun ölüm xəbərini Kənan Hacıdan eşitdim. Nahardan qayıdırdım, redaksiyanın qabağında əlləri əsə-əsə siqaret çəkən dostumun rənginin qaraldığını gördüm. Məni görən kimi bəd xəbəri verdi:

-Tofiq Abdin rəhmətə gedib!

İlk ağlıma gələn üç gün bundan əvvəl tanınmış publisist Laura Cəbrayıllı ilə müsahibə oldu. Müsahibə zamanı söz hərlənib-fırlanıb Tofiq abinin üstünə gəlmişdi və mən onun ölümdən çox qorxduğuna görə bəzi duyğusuz \"dost\"ların bu qorxunu məsxərəyə qoymağından danışmışdım. Sonra Nazim Hikmətin misralarını xatırlamışdıq:

-Yedi tepeli şehrimde,
Yitirdim qonca gülümü,
Ne ölümden korkmak ayıp,
Ne de düşünmek ölümü...

Və mən indi bilmirəm nəyə and içim ki, həmin məclisdə Tofiq abi barədə söhbət düşən kimi mənim qulağıma pıçıldadılar: Tofiq abini itirəcəksiniz!..

Tofiq abi həyatsevər, insansevər biri idi. Yazıları, müsahibələri, reportajları başdan-başa həyat dolu idi.

Bəzən Tərcümə Mərkəzinin ikinci mərtəbəsindəki otaqdan gələn səsi birinci mərtəbədə eşidilirdi. Sonuncu dəfə həmin otağa gedəndə \"Xəzər\" jurnalının son iki nömrəsini vermişdi mənə.

Tofiq abi ədəbi, siyasi mövqeyindən, sosial statusundan asılı olmayaraq, hamı ilə qurduğu münasibətlərdə ürəyinin səsinə qulaq asırdı.

Tofiq abi yaşı yetmişi haqlamış, çoxlarının yaltaqlanmaq üçün qapısında növbəyə durduğu bir yazıçını tənqid edə bilirdi və tənqidi həmin yazıçını qəzəbləndirirdi.

Sonra həmin yazıçını tənqid edən gənclərin yazılarına da Tofiq abi cavab verirdi: \"Cocuqlar, belə olmaz yaaa!\" Onda da gənclər Tofiq abidən incik düşürdülər.

Uzun illər Türkiyədə çalışmışdı. Azərbaycan mətbuatına Türkiyə köşə yazarlarının sərbəstliyini, səmimiliyini gətirməyə çalışırdı və bu, bəzən Tofiq bəyin  həmyaşıdları arasında etirazla qarşılanırdı: \"Tofiq hər şeyi mətbuata çıxarır\".

Yazıçılar Birliyində çalışdığı dönəmlərdə onun otağından həmişə Türkiyənin böyük müğənnilərinin səsi gəlirdi. Mən həmin otaqda Bülent Ersoyun, Zeki Mürenin, Sezen Aksunun, Tarkanın şərqilərini çox dinləmişəm. Sonralar Türkiyənin sənət mühiti barədə də ən yaxşı yazıları Tofiq abinin \"525-ci qəzet\"də apardığı səhifələrdən oxudum.

\"Qaynar.info\"dakı dostlar Tofiq abinin bir şeirini yayınlayıb. Mən bu yazını həmin şeirlə bitirmək istəyirəm.

-Bəlkə... bir daha şeir yazmadım
yazmamağımın min bir nədəni var
bəlkə
min birdən də çox
minindən biri
bu dünyadan gedəndə
onları tapşıra biləcəyim
kimsəm yox...
ömrün bu çağına gəlib çıxdım ki
məni ağlayanlar ağlamasınlar
uzanan günlərin içindən çıxıb
açıq gözlərimi bağlamasınlar
allah sevgidənmi yaşatdı məni
yoxsa,bu cəzamı,
dostdan, tanışdan
ayırıb
bir ayrı dünyada oyatdı məni
oyanıb dünyanı yuxulu gördüm
gözümü açmamış
iməkləməmiş
bu qoca dünyanı yıxılı gördüm...
buludundan qorxdum,çayından qorxdum
başımın üstündə fırfır fırlanan
qarğışından qorxdum, vayından qorxdum
məni sevənlərin sayı azaldı
mənə nə oldusa
döz,dur dedilər
sənin alın yazın bütün olanlar...
bu yazı mənimlə ölsəydi barı
rahat yaşayardı mənsiz qalanlar.

Əlvida, Tofiq abi!

Sən bizim yaddaşımızda bir topa işıq kimi qalacaqsan!
/teleqraf.com/

Digər Məqalələr