Əsəd Qaraqaplan - Seks və Ölüm
24/10/2012
İnsan həyatı boyu əsasən iki şey haqqında düşünür: Seks və Ölüm. Cavan olanda daha çox Seks, yaşlaşdıqca da Ölüm haqqında düşünür.
Bir də hər ikisi arasında Ölümsüzlük haqqında…
Uzun müddət xoşbəxtliyin, daha doğrusu, mütləq xoşbəxtliyin nədən ibarət olduğunu düşünmüşəm.
Yaşadıqlarımdan, gördüklərim və duyduqlarımdan belə anladım ki, mütləq xoşbəxtlik yalnız orqazm anında olur.
Təbii ölümün də bir “orqazm” – rahatlama olduğunu düşünsək, əslində insan həyatının bütün əsas çabalarının seks və ölümə - orqazma görə olduğunu anlayarıq.
Yəni insan həyatı əsasən seks və ölümə - ölümsüzlüyə görədi.
Sufilərin o məşhur üç sualında – Mən kiməm? Hardan gəlmişəm? Hara gedəcəm? – olduğu kimi, bizim “hardan gəldiyimiz” Seks, “hara gedəcəyimiz” də Ölümdü.
“Kimliyimiz” də sekslə ölüm arasında ölümsüzlüyü – seksi və ölümü axtarmağımızdı.
Biz çalışırıq, vuruşuruq, mücadilə edirik, qazanırıq, itiririk, sevirik, evlənirik, ayrılırıq, barışırıq... hamısı da seksdən və ölümdən – ölümsüzlüksən ötrü.
Bizi bu həyatda seks, bu həyatdan sonra da ölüm gözləyir...
Universitetdə oxuyanda dəyər verdiyim müəllimlərdən biri bir gün bütün qrupa belə sual verdi: “Həyatda ən ədalətli şey nədir?”
O vaxt qrup yoldaşlarımdan bu suala müxtəlif və qeyri-müəyyən cavablar gəlmişdi. Onda mən uzun müddət düşünmədən, inistink olaraq bu suala belə cavab vermişdim: “Həyatda ən ədalətli şey ölümdü”.
Müəllim də bu cavaba görə məni alqışlamış, məndən bu cavabın izahını istəmişdi. O vaxt müəllimə nə cavab verdiyimi indi dəqiq xatırlamasam da, ama indi deyə bilərəm ki, bu doğrudan da belədi. Çünki Ölüm olmasaydı, həyatda nə Seksin, nə də Ölümsüzlüyün mənası olardı.
“Seks” sözündən qorxub o saat kənara tullanıb, ağlınıza “əxlaqsız” şeylər gətirməyin. Çünki kim nə deyir-desin, bizim həyatımız, yuxarıda dediyim kimi, seksdən və ölümdən ibarətdi.
Seksdəki orqazm anı – mütləq xoşbəxtlik də insanın “mənən ölümü”, rahatlaması – ölümsüzlüyüdü.
İnsanın ölümsüzlüyünü bütün çılpaqlığıyla göstərən yalnız orqazm anındakı mütləq xoşbəxtlikdi. Bir də bir gün öləcəyini – Ölümü düşünməyi.
Seks və Ölüm bizik. Bizim kimliyimiz – Ölümsüzlüyümüz, haradan gəlib, hara gedəcəyimizdi...
Avanqard.net
Digər Məqalələr
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə