Bəsirə Əzizəli - Ölümqabağı etiraflar
05/06/2020
Müasir həyatın, çağdaş zamanın qlobal kodu “ölüm”dür. Hər gün bütün dünya “COVİD-19” virusundan, dünyanı bürüyən pandemiyadan ölənlərin siyahısını gündəmə gətirir. Ölü saylarının artıb-azalması artıq dünya siyasətinin, iqtisadiyyatının, mədəniyyətinin xəritəsini, mənzərəsini və perspektivini müəyyənləşdirməyə başlayıb. Əslində, hər hansı bir səbəbdən – xəstəliklərdən, qəzalardan, savaşlardan, terordan və ya qədərdən ölənlər hər zaman dünyanın gündəlik həyatında bəlli bir siyahı təşkil etməkdə idi. Ölənlərin sayı çoxaldıqca “ölüm ucuzlaşırmı?”
Ölüm bədii ədəbiyyatın ən önəmli mövzularından biri olmuşdur hər zaman. Ölüm gerçəkləşən bir aktdır, o özündən sonrakına qapıları bağlayır. Lakin ölümdən öncəki həyacan, geriyə, keçilən həyata boylanıb yaşananları analiz etmək bir çox məsələləri ortaya çıxarır. Ölümqabağı etiraf anları, başqalarına söylənilə bilməyən düşüncələrin öz içində dinləndirilməsi, xəstəlikdən zəif düşmüş bədənin günahkar araması, rahatlıq tapması...
“Hərb və sülh”, “Anna Karenina”, “İnsanı yaşadan nədir?” məşhur romanları ilə dünya ədəbiyyatında önəmli yer tutan Lev Nikolayeviç Tolstoyun həcmcə böyük olmayan, lakin mühüm məsələləri ilə insanı düşündürən “İvan İliçin ölümü” povestində həmin duyğu, düşüncə, tərəddüd, etiraf və qorxuları görürürk. İvan İliç “dəhşətli bir həqiqəti” dilə gətirir.
“İvan İliçin ölümü” povesti əvvəlində ölümü haqqında məlumat verilmiş bir insanın – İvan İliçin ölümqabağı təbəddülatları, düşüncələri, həyat və ölüm, tənhalıq haqqındakı fikirlərinin əksi əsasında qurulmuşdur. İvan İliçin cənazəsi üzərində dayanan dostu Pyotr İvanoviç onun ölüm çöhrəsində bu ifadəni duyur: “Üzündəki ifadə elə bil deyirdi ki, görülməli nə iş vardısa, hamısını görüb, özü də doğru-düzgün görüb. Həmin ifadədə bir də dirilərə məzəmmət və xəbərdarlıq vardı”. Bu təqdimat öz real həyatını, demək olar ki, cəmiyyətin tələb etdiyi normalar çərçivəsində yaşayan, lakin dünyanı yaşaya-yaşaya mənəvi aləmindən, dəyərlərindən kənarlaşan, günahlarını özündən yüksəkdə olanların dəfələrlə təkrar etdiyi üçün kiçik bir hal sayan insanın duyğularını ifadə edir və ölüm qarşısında dəhşət içərisindəki yaşantıların çox maraqlı şəkildə əks olunmasına keçid yaradır. Sonra yazıçı İvan İliçin yaddaşı ilə yola çıxır, keçdiyi həyat yolunda “doğru-düzgün gördüyü” işlərin həqiqət payını bir daha analiz edir, qəhrəmanın daxili səsini əks etdirir.
Hələ məktəb illərini İvan İliçin belə xatırlayır: “Məktəbdə oxuyanda elə hərəkətləri də olub ki, əvvəllər ona çox iyrənc görünüb və o vaxtlar bu günahlarına görə öz-özünə nifrət də eləyib, amma sonralar görəndə ki, cəmiyyətdə ondan xeyli yüksək mövqedə duran adamlar da vaxtı ilə belə işlər tutublar və özləri də bunu günah saymayıblar, o da sakitləşir, o vaxtki işləri ilə öyünməsə də, hər halda onları tamamilə unuda bilir, arabir yadına düşəndə isə bir tikə kədərlənib eləmir”. “Əfkari-ümumiyyə tərəfindən müəyyən olunmuş zahiri ləyaqətin tələbləri” əsasında həyatını qurmağa çalışan İvan İliç yaşamını “özünün istədiyi şəkildə gözəl və layəqətlə” təşkil etmişdir. Bu həyat onun “ağzında qəribə tam olmasından və sol böyründə naqolaylıq hiss eləməsindən” başlanan çox ciddi xəstəliyin səbəbindən tamamilə dəyişir. Cəmiyyət ona “tezliklə öz iş yerini boşaldacaq adam kimi” baxmağa, o isə cəmiyyəti daha dərindən təhlil etməyə başlayır. Xəstəlik qəhrəmanla cəmiyyət arasına böyük sədd çəkir, o, öz tənhalığı ilə cəmiyyətə qarşı dayanır. “Özü də ölüm ayağında, fəlakətin astanasında beləcə, təkbaşına yaşamalıydı, nə bir dərd biləni, nə də halına yananı var idi”. “Məsələ kor bağırsaqda, böyrəkdə deyil, həyatda və… ölümdədir. Bəli, yaşayırdım, indi isə budur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu” həyəcanı ilə yaşayan qəhrəman ölümün dəhşəti qarşısında qorxur və bütün cəmiyyətə nifrətlə, kinlə baxır.
“Doğrudanmı həqiqət yalnız odur?” sualı qarşısında qalan İvan İliç bir müddət ondan – ölümdən qaçmağa cəhd etsə də, bu fikir qəhrəmanı daim təqib edir. Ölüm qabağı İvan İliçə ən çox iztirab verən cəhətlərdən biri yalan idi: “İvan İliçə əzab verən əsas şey yalan idi: hamı tərəfindən qəbul edilmiş həmin yalan ki, guya o, ölüm ayağında deyil, sadəcə xəstədir və buna görə də ancaq sakit olmalı, özünü müalicə eləməlidir və guya onda hər şey düzələcək”.
Əsərin qəhrəmanı ikinci bir səbəbdən də çox qüssələnir: “İvan İliçə bu yalandan başqa əzab verən bir də bu idi ki, heç kəs ona özü istəyən tək rəhm eləmirdi: etiraf eləməyə utansa da, bəzən uzun iztirab və məşəqqətlərdən sonra İvan İliç istəyirdi ki, kimsə ona xəstə uşaq kimi rəhm eləyib, qayğı göstərsin”.
Dəhşətli ağrılar, sonsuz iztirablar və tənhalıq içərisində inildəyən İvan İliç ölümün tez gəlməsini istəyir, sonra isə sanki diskinir, qorxur və deyirdi: “Ölüm, zülmət. Yox, yox. Hər şey ölümdən yaxşıdır”. Deməli, insan yenə də bu dünyadakı sonsuz əzaba rəğmən ölümə can atmır, həyata doğru getməyə çalışır. Çox paradoksal bir vəziyyətdir. İnsan həyat və ölüm arasında tərəddüd edir. O, cəmiyyətdə təkdir: “Təklik son dərəcə darıxdırıcıdır, kimisə çağırmaq istəyir, amma qabaqcadan bilir ki, başqalarının yanında halı bundan da pis olur”.
İvan İliçin vəziyyətindəki növbəti mərhələ onun Allaha üsyanı olur: “O, özünün köməksizliyinə ağlayırdı, dəhşətli tənhalığına ağlayırdı, insanların qəddarlığına, Allahın qəddarlığına, Allahın yoxluğuna ağlayırdı”. O, cavabsız suallarla inləyirdi: “Bütün bunları niyə belə eləyirdin? Niyə məni gətirib bu yerə çıxartdın? Niyə mənə belə zülm eləyirsən”. Qəhrəman Allaha və insanlara üsyan etməklə, əslində, özünə üsyan qaldırır.
İvan İliç qəlbi ilə danışmağa başlayır. Qəlbinin “nə istəyirsən?” sualına əvvəlki kimi gözəl yaşamaq istəyirəm cavabını verir. “Əvvəllər gözəl yaşamamısanmı? sualı ilə dinlənən səs onu həyatına yenidən baxmağa, yaşantısının xarakterini çözməyə məcbur edir. Sən demə, o uşaqlıq çağlarının bəzi məqamlarını çıxmaqla heç də gözəl yaşamayıb. Burada o daha da dəhşətə gəlir: “Əgər həyat, doğrudan da, belə rəzil və mənasız olubsa, onda ölmək, özü də əzab çəkə-çəkə ölmək nə deməkdir?” Onu həyat da, ölüm də sanki tərk edir. Qəhrəman yenə də tərəddüd içində qalır, növbəti sualını verir: “Bəlkə mən düzgün ömür sürməmişəm? Həyatın mənasını bu zamana kimi düzgün anlamadığı üçün deməli o, düzgün də yaşamayıb.
İvan İliç “dəhşətli bir həqiqəti” kəşf edir: “Ağlına bir də bu gəldi ki, bir vaxtlar qəlbində ondan çox-çox yüksəkdə duranlar tərəfindən bəyənilən, təqdir olunan şeylərə qarşı mübarizə aparmaq meyllərini dərhal özündən kənara qovurdu, bəlkə də əsl həyat həmin niyyətlərlə yaşamaq imiş, qalanları boş şeymiş? Qulluğu da, güzəranı da, ailəsi də, cəmiyyətin və daşıdığı vəzifənin mənafeyi də - bütün bunlar əsl həyat deyilmiş, bəlkə?”. Bu həqiqəti dərk etdikdən sonra cəmiyyət ona bir söz deyirdi: “Bütün həyatın, indiyə qədərki ömrün və bu günün yalanıdır – həyatı və ölümü səndən gizlədən yalan”.
Yalanlardan qurtulmaq istəyən qəhrəman yenidən Allaha üz tutur, lakin bu dəfə üsyan yox, dua edir. İvan İliç dua oxuyur və bir qədər sakitləşir. İvan İliç həyatının bütün maddi cəhətlərini araşdırdıqdan sonra L.N.Tolstoy dünyagörüşünə uyğun olaraq qəhrəman ilahi həqiqətlərdə rahatlıq tapır. Bu mövzu və dünyadərki L.N.Tolstoy üçün çox xarakterik idi. “Dəlinin qeydləri” əsərində də insanın ölüm təhlükəsi qarşısındakı təbəddülatları, titrəmələri, qorxusu, təlaşı, həyacanı, şübhələri və nəhayət haqqı tapması məsələsi qoyulur. Burada real olaraq ölüm faktı yoxdur, lakin onun qorxusu belə insanı həyata yeni nəzərlə baxmağa sövq edir, həyatın yeni cizgiləri qəhrəmanın gözləri önündə canlanır: “Adama elə gəlir ki, ölüm qorxusudur bu, amma həyatı yada salıb fikirləşəndə görürsən yox, bu ölməkdə olan həyat üçün qorxudur”. “Üç ölüm” hekayəsində də ölüm qarşısında titrəyən insan obrazına təsadüf edirik, o da ölüm qarşısında Allahdan mərhəmət diləyir: “Allah nə qədər mərhəmətliymiş. Mərhəmətli və qüdrətli, elə deyilmi? O, yaşla dolmuş gözlərini yenə ehtiraslı bir yalvarışla ikonaya dikdi”.
L.N.Tolstoyun əsərlərində dini birlik, bərabərlik, ilahi başlanğıc, ölüm, həyat etirafları kimi məsələlərin qoyuluşu, müzakirəsi və yazıçı münasibəti çox güclüdür. Məşhur ədib yazırdı: “Bütün insanlıq onu idarə edən ilahi başlanğıc, ideallar əsasında yaşayır və inkişaf edır. Bu ideallar dinlərdə, elmdə, incəsənətdə, dövlət formalarında ifadə olunur. Bu ideallar yüksəlir, yüksəlir və insanlıq ali xoşbəxtliyə doğru gedir. Mən insanlığın bir parçasıyam və mənim missiyam insanlığın ideallarını gerçəkləşdirməkdir”. L.N.Tolstoy, ilk növbədə, insanlığın sirlərinin öyrənilməsi zəruriyyətini göstərirdi. O, inamı həyatın gücü adlandırırdı. L.N.Tolstoy insana dəyər verirdi: “Əslində mən nə istəyirəm? Mən digərlərinə xeyirxahlıq etmək istəyirəm, elə etmək istəyirəm ki, insanlar ac və yoxsul olmasınlar, insanlar insanlığa layiq yaşaya bilsinlər”.
Tanrıya ibadətdə mahiyyətə üstünlük verilməsi yazıçının tez-tez səsləndirdiyi fikirlərdəndir. “İvan İliçin ölümü” povestində də L.N.Tolstoy öz qəhrəmanını Allaha doğru yaxınlaşdırır, ona həyatın yeni üzündə xilas yolunu belə göstərir: “Məni kim yaradıb? Allah, deyirdilər, Allah. Yadına düşdü ki, dua oxumaq lazımdır. Çoxdandır, iyirmi il olar ki, dua oxumuram…”. Başqa bir yerdə isə qəhrəman deyir: “Bir kəlam yadıma düşdü: siz diləyin, yerinə yetər diləyiniz. Mən də dilədim. Və bu diləkdən, yalvarışdan təsəlli yox, rahatlıq tapdım”.
Digər Məqalələr
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə