Avanqard

Bahadur Eyuboğlu - Gözləmə

17/11/2012

Avropaya tez-tez gedib - gələn bir dostum deyir ki, “Orda adamlar gözləməkdən zərrə qədər bezmirlər. Gecə dar bir yolda önlərinə çıxan zibil maşınına belə bir dəfə də olsun siqnal vermirlər. Heç kim qırmızı işıqdan keçmir. Bankomatlar önündə belə bayram əhval-ruhiyyəli insanlar səbirlə saatlarla növbə gözləyirlər.
Gözləmə mədəniyyəti… əslində, ən böyük mədəni anlayışlarla bir sırada dayanmalıdır. Bu məsələyə elə belə baxıb keçmək olmaz. Gözləmək həqiqi və məcazi mənada bir mədəniyyətin ağuşunda birləşməlidir. Öz növbəni gözləmək həm də insanlara qarşı sayğısızlıq etməməyi gözləməkdir. ”Özünü gözlə” deyimi də elə-belə yaranmayıb ki. Tələsmək və kiminsə növbəsinə girmək çox zaman insanlara peşmançılıq gətirib. Elə islam dininin özəyi sayılan Quranda da Allah səbri doxsandan çox yerdə xatırladaraq səbrin əhəmiyyətinin nə qədər böyük olduğunu göstərir. Gözləməkdən sıxılmaq yox, gözləməkdən zövq almağı bacarmaq lazımdır. Gözləməyin özü də bizə verilən nemətlərdən biridir. Bəzən görə bilmədiyimiz şeyləri gözləyərkən görürük. İnsan nəyisə gözləyərkən ətrafına daha diqqətli baxır. Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”nu, “Usta Zeynal”ını, “Fatma xala”sını, “Təzə xəbər”ini, “Molla Fəzləlisi”ni görünür gözləyərkən.
Ən çox da yol kənarında səbirlə oturub 10-15 saat pul gözləyən dilənçiləri gördükdə, adam gözləməyin nə qədər əhəmiyyətli bir şey olduğunu anlayır.
Amma çox təəssüf ki, bizim tərəflərdə darqursaqlıq dəb halına gəlib. Hər şeyin bir an içində olmasını istəyirik. Metroya birinci girmək, avtobusa birinci soxulmaq, bankomatlardan birinci pul götürmək... istəyirik. Bu saxta birincilik alınmayanda və ya bir qədər gec alınanda sözün əsl mənasında iztirab çəkirik. Hətta bir-birini basa-basa salıb sıxmaq, birinci mən gedim deyə dava-dalaş qoparmaq, tıxac zamanı əlini siqnaldan çəkməmək və başqa səbirsizlik çirkinlikləri bir çox vətəndaşlarımızda gözləmə mədəniyyətinin dəniz səviyyəsindən aşağıda olduğunu xəbər verir.
Gözləmək mədəniyyətdir. Gözləmək Allahın insana verdiyi ən gözəl nemətlərdəndir... İntizarla gözləmək, Qorxu ilə gözləmək, İnamla gözləmək, bir az sonra gələn birini gözləmək, heç gəlməyəcəyindən qorxduğun birini gözləmək, gəlməyəcəyini bilə-bilə gözləmək insana rahatlıq verir.Gözləyək. Gözləyək ki, bəlkə o zaman təsadüfən aylarla üzünü görmədiyimiz, yadımıza salmadığımız bir yaxınımızı görüb nə xəbər deyə bildik
Avanqard.net

Digər Məqalələr