Ayxan Ayvaz - Bizim tanıdığımız insanlar
12/11/2012
Bakıda adamları metrolarda, avtobuslarda daha yaxşı tanımaq olur. Onların əsl simasını buralarda görmək olur. Şəhərin qarışıq, xaoslu görüntüsü yalnız nəqliyyatda ortaya çıxır.
Bizim yaşadığımız bu yerdə bir həqiqətə inanmışam: Azərbaycanda hər kəs bir-birini yaxşı tanıyır. Kimin nə işlə məşğul olduğu, necə biri olduğu haqda yalnız bizim insanlar o dəqiqə fikir yürüdə bilir. Bu bizim fövqəltəbii gücümüzün, inanılmaz istedadlı olmağımızın göstəricisidir. Burda yaşayan adamlar isə tamam ayrı dünyanın sakinləridi. Onların görünüşündəki özgəlik şəhərin doğmalığı ilə ziddiyyət təşkil edir. Həmişə çoxluq olan yerdə durub insanlarımızı müşahidə etmişəm. Qarışqa kimi ora-bura tələsən, bir-birini heç vaxt tanımayan bu adamların üzündə eyni ifadə var: burdan çıxıb getmək, daha yaxşı yaşamaq, nələrisə vurub dağıtmaq, hirs, nifrət, sevgi, anlaşılmaz hisslər...
Onları yaxşı tanımıram, sadəcə içimdəki səsi dinləyirəm. Bəlkə elə özüm də onların arasına girəndə kiminsə gözündə bu cür görünürəm. Adamların arasında hər şey eyni görünə bilər. Ancaq mən də bilirəm ki, onların içində həqiqətən də bizi şaşırdacaq insanlar var. Görüntü isə insanı dalana dirəyir, çıxış yolunu tapmaqda maneçilik törədir. Düşünürsən ki, nəyə görə bu qədər insan var və onların içində bu qədər də yalnızlıq, bezginlik var. Özünü tanıya bilməkdə acizlik çəkən, həmişə məniylə qarşılıqlı savaşa girən adam həyatı daha çox dərk etməyə yaxındır. Yoxsa yaşam yalnızca xəyallarımızdan ibarət deyil.
Görün, Filosof A.Şopenhauer necə deyib: “İnsanları tanıdıqca, heyvanları daha çox sevirəm”. Məsələ insanın dəyişməyindən getmir. Ümumiyyətlə, mən buna inanmıram. İnsan əslində dəyişmir. Bizim “dəyişmək” dediyimiz insanın özünə çata bildiyi, əsl simasını üzə çıxardığı andır. Ona görə, bəzən insanlara, həyata üsyan edirik. Anlamaq, tanımaq insanı daha böyük əzablara yuvarlayır. Mən elə adam görmüşəm, o, həmişə yaşadığı yerdə olub-bitənləri, cəmiyyətin əsl simasını qavraya bilmir, ya da istəmir. O insanlar yalnız xoşbəxt görünürlər. Ancaq bu sadəcə görüntüdür. Ona elə gəlir ki, həqiqətən də gözəl bir həyatın içində yaşayır. Əgər üzə-üzə gəldiyi, hər gün salam verib yanından ötüb keçdiyi insanları tanısa o zaman içində ikilik yaranacaq. Yaradılışın şüurlu hesab edildiyi insan elə məqamla üzləşir ki, onun heyvandan da aşağı olduğunu düşünürsən. Əslində, Şopenhauerin demək istədiyi də budur. İnsanların hamısı eyni deyil, onlar müxtəlifdir, ancaq həm də bəzən düşüncə etibariylə bir-birinin oxşarıdır. Kütlə məhz o qrup insanların varlığından meydana çıxır. Mənim tanıdığım adamların bir çoxu da bu cürdür. Onlar üçün ən öndə olan yalnızca universiteti qurtarmaq, sonra gözəl bir iş sahibi olub yaxşı bir qadınla evlənməkdir. Kütlənin irəli çıxardığı fikirlər cəmiyyət üçün məqbuldursa, demək, o uçuruma doğru yuvarlanır. Əgər bir insanın fikri-zikri yalnız yalanla, yad bir şeylərlə doludursa o zaman hansı azadlıqdan danışmaq olar?
Mənə elə gəlir ki, bəzən bu cür düşüncələri dəyişdirmək mümkün olmayacaq. Çünki Şopenhauerin təbirincə desək, artıq insanları tanımağa başlamışam.
Avanqard.net
Digər Məqalələr
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə